AZ

AMEA nın üzvləri kifayət qədər yaşlanıb, 92 yaşında institut direktoru absurddur İlqar Orucov

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında aralarında alimlərin də olduğu bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu hal həm sosial mediada tənqid olunub, həm də bir məsələni yenidən aktuallaşdırıb. Bu məsələ isə ikipilləli doktorantura sisteminin ləğvi ilə bağlıdır. Təklif edilir ki, ikipilləli doktorantura birpilləli doktorantura ilə əvəz olunsun ki, gənc alimlərin sayı da çoxalsın.

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, AMEA-nın ötən gün keçirilən ümumi yığıncağında dəvət olunan qonaqlar siyahısında olub:

"Tədbirdə iştirak edənlər alimlər idi, yəni orada kənar adamlar olmayıb. Təbii ki, jurnalistlər öz peşə fəaliyyətləri ilə bağlı tədbirdə iştirak ediblər və bu məqamları çəkiblər".

Müsahibimiz vurğuladı ki, AMEA-nın üzvləri və alimlərimiz kifayət qədər yaşlanıb:

"Bu həqiqətdir. Bunu gizlətmək, danmaq olmaz. Elmin qocalması tendensiyası ilə bağlı mən 2003-cü ildən müstəqil Azərbaycanda Elmi Gənclik Hərəkatını yaradan şəxs olaraq həyəcan təbili çalıram. Bizim elmimiz kifayət qədər qocalmağa doğru gedir. Düzdür, son dövrlərdə bir qədər elmdə gəncləşmə müşahidə olunur, bu daha çox 2006-2007-ci illərdən başlayıb, müəyyən irəliləyişlər var, amma ümumilikdə tendensiya budur ki, elm yaşlanıb. Mən də o yaşlı alimləri gördüm, illərlə onlarla çalışmışıq, hər birinə də hörmətim var. Alimlərin ölkənin elm məbədi olan Akademiyanın ümumi toplantısında yatmağına heç də yaxşı baxmıram.

Bu şəxslər Azərbaycan elminin inkişafında ciddi rol oynamış insanlardır. Orada səsləndirildi ki, 92 yaşında institut direktoru. Mən düşünürəm ki, bu yaşda institut direktoru absurd və paradoksdur. Bu vəzifələrdən yaşlıların yapışması düzgün deyil. Mən yaşlı alimlərin səmərəliliyinə şübhə etmirəm. Onlar daha çox məsləhətçi qismində, günün müəyyən saatlarında instituta gəlib məsləhət verən şəxs kimi, səhhətləri imkan verərsə, fəaliyyət göstərə bilərlər. Onların rəhbər şəxs qismində çıxış etmələri hesab edirəm ki, effektiv deyil və biz onların fəaliyyətində bunu hiss edirik".

İlqar Orucovun fikrincə, laboratoriya müdiri, şöbə müdiri, direktor, direktor müavini, ümumilikdə elmi-tədqiqat institutunun rəhbər şəxslərinin attestasiyası çox önəmlidir və bu həm də doğru menecmenti şərtləndirir:

"Mütləq şəkildə biz o sistemi tətbiq etməliyik. Laboratoriya müdirlərinin fəaliyyəti 3-5 ildən bir beynəlxalq audit tərəfindən yoxlanmalıdır. Bu, mütləq olmalıdır. Hesab edirəm ki, belə olduqda biz həm də elmin düzgün idarə olunmasını və rəqabəti formalaşdıra bilərik".

Alim ikipilləli doktorantura sistemindən də danışdı:

"İkipilləli doktorantura sistemindən imtina etmək artıq zamanın tələbidir. Amma gənclərin elmə gəlməməsinin kökündə dayanan tək problem bu deyil. İkipilləli doktorantura sistemi ləğv olunmalıdır. Amma bütövlükdə gənclərin elmə gəlməsini motivasiya etmək lazımdır. Bununla bağlı ölkədə müəyyən işlər var, həqiqətən də bu, danılmazdır. Ölkə başçımız tərəfindən xaricdə gənclərin təhsil alması ilə bağlı dövlət proqramında doktorantura təhsili salınması, universitetlərin rəqabət qabiliyyətinin artırılması ilə bağlı dövlət proqramı qəbul olunması və s. Proqram çərçivəsində bizim gənclərimiz ən yaxşı elmi mərkəzlərdə, universitetlərdə doktorantura təhsili alırlar. Azərbaycanda doktoranturaya qəbul ilə bağlı tələblər yenilənib. Elmi mühitin yenilənməsinə kəmiyyət yox, daha çox keyfiyyət baxımından yanaşmalıyıq. Elmə daha çox savadlı, bilikli gənclər cəlb edək, onlar ciddi tədqiqatlar ortaya qoysunlar, yaşlı nəsli əvəz etsinlər. Yaşlı nəsil də inzibati vəzifələrdən imtina etsin və onların yerini gənc, perspektivli və elmi lider obrazında olan gənclər tutsunlar, o zaman biz təbii ki, iclaslarda, hesabatlarda yatan yox, daha çox çevik, fikir söyləyən, yeniliklər ifadə edən insanları görə biləcəyik və mən hesab edirəm ki, bu artıq həm də zamanın tələbidir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr