AZ

Tələbə qızlar hansı yolla şantaj onunur? - XƏBƏRDARLIQ

BDU-nun xanım tələbələrinin şəxsi fotoları süni intellekt vasitəsilə montaj edilərək sosial şəbəkələrdə yayılıb.

BAKU.WS-in məlumatına görə, reallığı əks etdirməyən bu görüntülər şantaj, psixoloji təzyiq və rəqəmsal zorakılıq kimi qiymətləndirilir.

Mütəxəssislər bildirirlər ki, şəxsin razılığı olmadan onun görüntüsündən istifadə edilməsi və təhqiramiz formada yayılması məsuliyyət yaradır. Belə hallarla qarşılaşan tələbələr ilk növbədə sübutları toplamalıdır. Paylaşımın ekran görüntüsü saxlanmalı, link və tarix qeyd edilməlidir.

Zərərçəkənlər dərhal polisə müraciət etməli və rəsmi ərizə təqdim etməlidir. Sosial şəbəkə platformalarına da şikayət göndərmək vacibdir. Şantaj məqsədilə pul tələb olunarsa, bu tələbə boyun əymək tövsiyə edilmir. Ödəniş etmək problemi həll etmir, əksinə riskləri artırır.

Qurbana çevrilməmək üçün sosial şəbəkə hesablarını gizli saxlamaq, iki mərhələli təhlükəsizlik sistemini aktivləşdirmək və şəxsi fotoları açıq paylaşmamaq tövsiyə olunur. Rəqəmsal zorakılıq real hüquqi nəticələr doğurur. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, təqsirkar şəxslər qanun qarşısında cavab verməlidir.

Qeyd edəək ki, şəxsin razılığı olmadan onun görüntüsündən istifadə edilməsi, xüsusilə də alçaldıcı və böhtan xarakterli formada yayılması cinayət tərkibi yaradır. 148-1-ci maddə ilə yanaşı, şəxsi həyatın toxunulmazlığının pozulması və şantaj halları da əlavə hüquqi qiymət ala bilər. Əgər fakt təsdiqlənərsə, təqsirli şəxslər cərimə, ictimai işlər və ya azadlıqdan məhrumetmə ilə üzləşə bilər.

Süni intellekt texnologiyalarının inkişafı ilə deepfake videoların hazırlanması daha asan və əlçatan olub. Lakin bu, şəxsi hüquqları pozmaq üçün əsas deyil. Hüquq-mühafizə orqanlarının operativ reaksiyası və ictimaiyyətin maariflənməsi bu cür halların qarşısının alınmasında əsas rol oynayır.

Rəqəmsal məkanda edilən hər bir qanunsuz addım da real dünyada hüquqi məsuliyyət yaradır. Tələbələrin təhlükəsizliyi və şəxsi ləyaqətinin qorunması isə cəmiyyət üçün prioritet olmalıdır.

Seçilən
19
far.az

1Mənbələr