AFFA İntizam Komitəsi “İmişli” klubunu cərimələyib. Buna səbəb klubun U-13 komandasının “Hacıqabul”la oyunda meydana başqa komandaların formaları və nömrəsi olmayan formalarla çıxmasıdır.
İdman.Biz bildirir ki, AFFA klubu 500 manat məbləğində cərimələyib. Eyni zamanda növbəti dəfə təkrarlanacağı halda, komandanın yarışdan kənarlaşdırılması ilə bağlı xəbərdarlıq edilib.
Klubdan “Futbolpress.az“a verilən açıqlamada cəzaya səbəbin formaların vaxtında stadiona çatdırılmaması olduğu bildirilib:
“Sözügedən turda təşkilati baxımdan zaman məhdudiyyəti yaranmışdır. Komandanın formaları klubun bazasında, İmişli şəhərində yerləşdiyi halda, oyun Saatlıda keçirildiyindən məsafə və vaxt sıxlığı səbəbilə administrator formaları vaxtında oyun məkanına çatdıra bilməmişdir.
Yaranmış vəziyyət sırf texniki və logistika xarakterli olmuş, hər hansı qaydanı bilərəkdən pozmaq niyyəti daşımamışdır. Klub tərəfindən gələcəkdə bu kimi halların təkrarlanmaması üçün təşkilati planlamanın daha da təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atılması nəzərdə tutulur”.
