İstanbul, 26 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İzmir şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar müxtəlif genişmiqyaslı tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin Bornova rayonunda keçirilən anım mərasimi Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Bornova Bələdiyyəsi və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin əməkdaşlığı ilə təşkil edilib.
“Azərbaycan Dostluq Parkı”nda keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayıl, Bornova Bələdiyyəsinin sədri Ömer Eski və Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Eşref Tuna çıxış ediblər.
Natiqlər Xocalı həqiqətləri barədə danışıb, bu faciənin hələ də dünya ölkələri tərəfindən tanınmamasını bəşəri ədalətsizlik kimi qiymətləndiriblər.
Digər tədbir isə İzmirin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan-Qarabağ-Xocalı” parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önündə keçirilib.
Mərasim Karabağlar Bələdiyyəsi və Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının əməkdaşlığı ilə baş tutub.
Mərasimdə bu soyqırımına həsr edilən “Mən Xocalıyam” teatr tamaşası nümayiş etdirilib. Roza İbadova Kocamazın rejissorluğu ilə ərsəyə gələn tamaşada Xocalı həqiqətləri mədəniyyətin dili ilə İzmir xalqına təqdim edilib.
Tədbirdə Azərbaycan Türkləri Dost Dərnəklər Federasiyasının rəhbəri İsa Ambarcı və Karabağlar Bələdiyyəsinin sədri Helil Kınay çıxış edərək Xocalıda baş verən insanlıqdan kənar soyqırımı haqqında danışıblar.
Tədbir iştirakçıları parkın ərazisində Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidə önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.