AZ

Ankarada diplomatik DUEL: Rusiya və Fransa səfirlikləri sosial şəbəkədə TOQQUŞDU – FOTO

Rusiya və Fransanın Ankaradakı səfirlikləri arasında “X” platformasında qalmaqal baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fevralın 25-də Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü fonunda Rusiya və Fransanın Ankaradakı səfirlikləri “X” (keçmiş Twitter) sosial şəbəkəsində açıq söz davasına çıxıblar.

Hər şey Rusiya səfirliyinin Kremlin mətbuat katibi Dmitri Peskovdan sitat gətirərək paylaşım etməsi ilə başlayıb.

Həmin paylaşımda Paris və London Kiyevə nüvə silahı vermək planlarında və beynəlxalq hüququ pozmaqda ittiham olunub.

Fransa səfirliyi bu paylaşıma türk dilində sarkastik və “kloun” emojisi olan bir mesajla cavab verib:

“Sanki müharibə 3 gün davam etməli idi, amma artıq 5-ci ilə qədəm qoyduq, Rusiya isə hələ də Fransa-Britaniya çəkindirmə siyasətinin təhdid olduğunu deyir 🤡”.

Rusiya diplomatik missiyası isə buna cavab olaraq həm fransız, həm də türk dillərində sərt bəyanat yayıb:

“Çox təəssüf ki, məşhur fransız diplomatiyasından geriyə yalnız ‘X’ şəbəkəsində acınacaqlı və yazıq postlar qalıb… Paris 2014-cü ildən bəri öz dinc əhalisini, o cümlədən uşaq və qadınları öldürən Kiyevdəki nasist rejiminin əsas sponsorlarından biridir. Bəlkə də 1812-ci ilin kabusları hələ də Fransa hökumətini təqib edir?”

Sözügedən paylaşımlar yüz minlərlə baxış və bəyənmə toplayaraq sosial şəbəkə istifadəçiləri arasında böyük müzakirələrə səbəb olub.

Ekspertlər rəsmi diplomatik nümayəndəliklərin bu dərəcədə açıq və sərt şəkildə ictimaiyyət qarşısında mübahisə etməsini nadir hadisə kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr