ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı - Yeni rekord
Azərbaycan hazırkı avrokubok mövsümünü UEFA əmsallar cədvəlində 27-ci pillədə başa vuracaq.
QOL.az bu barədə haqqin.az saytına istinadən xəbər verir.
Bu, dünən gecə Bolqarıstanın “Ludoqorets” klubunun Avropa Liqasından kənarlaşdırılmasından sonra tam dəqiqləşib. Məhz Bolqarıstan Azərbaycanı 27-ci pillədən sıxışdırıb çıxara biləcək yeganə ölkə idi.
Ötən mövsümü 30-cu sırada başa vuran ölkəmiz üç pillə irəliləyib. Bir il ərzində həm Bolqarıstanı, həm Slovakiyanı, həm də avrokuboklardan kənarlaşdırılmasına baxmayaraq hər il UEFA-dan 4,333 xal alan Rusiyanı qabaqlamışıq.
Azərbaycan cədvəldə yüksəlişini əsasən “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı sayəsində reallaşdırıb. Ölkəmiz avromövsümü 22,937 xalla tamamlayır. Bu, Azərbaycan klublarının son beş mövsümdə – 2021/22-dən 2025/26-ya qədər topladığı ümumi xaldır. 22,937 xal Azərbaycanın avrokuboklardakı iştirakı tarixində rekord göstəricidir.
Bundan əvvəl ən yaxşı beşillik nəticə 2023/24 mövsümünün yekununa əsasən qeydə alınmış 20,125 xal idi. Həmin mövsümdə “Qarabağ” Avropa Liqasında 1/8 finala yüksəlmişdi.
Cari mövsümdə Azərbaycan 5,812 xal toplayıb. 2023/24 mövsümündəki rekord göstəricidən (5,875) cəmi bir heç-heçə uzaqda qalmışıq.
Toplanan 5,812 xalın bölgüsü belədir:
4,687 – “Qarabağ”
0,625 – “Sabah”
0,375 – “Araz-Naxçıvan”
0,125 – “Zirə”
Hazırkı UEFA əmsallar cədvəli 2027/28 mövsümündə avrokuboklara vəsiqələrin bölgüsünü müəyyənləşdirir. Ötən mövsüm tutduğumuz 30-cu yer bu yay Azərbaycan klublarının start mövqeyini zəiflədəcək. Komandalarımızdan biri Konfrans Liqasına mübarizəyə 2-ci yox, 1-ci təsnifat mərhələsindən başlamağa məcbur olacaq.
Bu mövsüm isə vəziyyəti düzəltmişik. Deməli, UEFA formatı dəyişməzsə, 2027-ci ilin yayında Konfrans Liqasındakı hər iki Azərbaycan təmsilçisi yenidən 2-ci təsnifat mərhələsindən yarışa başlayacaq.
Klub reytinqinə gəlincə, “Qarabağ” bu mövsüm şəxsi rekordunu müəyyənləşdirərək 13,750 xal toplayıb. Son beş mövsümdə Azərbaycan çempionu 42,750 xal yığıb və hazırda 60-cı pillədə qərarlaşıb. Müqayisə üçün, Çempionlar Liqasında ağdamlıları mübarizədən kənarlaşdıran “Nyukasl” 28,750 xalla 74-cü sıradadır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.