AZ

Sülhün iqtisadi formulu 

Etimad quruculuğu həm də ticarət əlaqələri ilə reallaşır 

Cənubi Qafqazın geosiyasi xəritəsi, onilliklərlə davam edən mürəkkəb və gərgin mənzərəsi 2025-ci ilin avqustunda Vaşinqtonda atılan imzalarla geridönməz şəkildə dəyişdi. ABŞ rəhbərinin şahidliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan sülh bəyannaməsi tərəflərin bir-birinin suverenliyini tanımasını və iqtisadi blokadanın tamamilə aradan qaldırılmasını hüquqi müstəviyə daşıdı. 

Uzun illərdir davam edən münaqişə ritorikası yerini intensiv sülh prosesinə və iqtisadi maraqlara verdi. Bu gün biz, sadəcə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını deyil, Güzdək stansiyasından Ermənistana doğru hərəkət edən və dinc gələcəyin enerjisini daşıyan yanacaq qatarlarını müzakirə edirik. 

Fevralın 24-də Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı. Yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağı Güzdək stansiyasından Ermənistana göndərildi. Bakı və İrəvan arasında sülh gündəliyinə uyğun olaraq, Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü ötən il dekabrın 18-dən başlayıb. Gürcüstan tranziti ilə 1200 ton neft məhsulunun ilk dəfə Bakıdan İrəvana çatdırılması ilə başlayan proses sonrakı aylarda daha da intensivləşib. 2026-cı il yanvarın 9-da 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Ardınca yanvarın 11-də 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. 

Azərbaycandan Ermənistana göndərilən yanacaq qatarları sülh prosesi çərçivəsində Bakının İrəvana yeganə humanitar jesti deyil. Prezident İlham Əliyev hələ ötən il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmiş, dövlət başçısının bu açıqlaması İrəvanda böyük məmnunluqla qarşılanmışdı. Məhz bu tarixi bəyanatın ardından 6 noyabr 2025-ci ildə ilk dəfə olaraq Qazaxıstandan ixrac olunan 1000 ton taxıl Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınmışdı. Sonrakı mərhələdə Rusiyadan göndərilən 8 vaqon qatarda 560 ton taxıl da ölkəmiz üzərindən Ermənistana çatdırılmışdı. 

Azərbaycan və Ermənistan arasında ticarət münasibətlərinin miqyası genişlənməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min dollar dəyərində məhsul ixrac edib ki, bu, ölkəmizin ümumi ixracının 0,11 faizini təşkil edir. Sıfırdan başlayan bir ticarət üçün bu, simvolik deyil, texniki uğurdur. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Azərbaycan tərəfi ixrac edə biləcəyi məhsulların siyahısını qarşı tərəfə verib. Eyni zamanda İrəvan da Bakıya sata biləcəyi məhsulların növünü təqdim edib: "Müzakirələr gedir, hələ ciddi rəqabət üstünlükləri yoxdur. Əlbəttə, müxtəlif mədəni-psixoloji məsələlər də var, amma bu prosesdir, ticarət olacaq. Əminəm ki, iki ölkə arasında yüz milyonlarla dollar potensial var, amma vaxt tələb olunur". Papoyan əlavə edib ki, Azərbaycandan yanacaq idxalı iş adamlarının ixtiyarındadır və proses öz relsi üzrə gedir: "Biz benzin alacağıq və burada əlçatan qiymətlərlə satacağıq". 

Məhsul siyahılarının mübadiləsi, iki ölkənin bir-birinə qarşılıqlı ixrac potensialı olan malların çeşidlərini təqdim etməsi regionda yeni təchizat zəncirinin yaranmasından xəbər verir və ticarət dövriyyəsinin yaxın gələcəkdə yüz milyonlarla dollara çatacağı gözləntisini reallaşdırır. 2026-cı ilin yanvar ayı statistikasındakı 2,4 milyon dollarlıq ixrac göstəricisi onilliklərdir davam edən iqtisadi izolyasiyanın rəsmən sona çatdığının və real ticarət dövriyyəsinin başladığının ən böyük sübutudur. Bu mənzərə tərəflərin etimad mühitinə keçidi istiqamətində ilkin, lakin həlledici mərhələdir. Bakı və İrəvan göstərir ki, sülh, sadəcə, diplomatik masalarda müzakirə olunan mücərrəd anlayış deyil, həm də dövlət büdcələrinə və gömrük statistikalarına daxil olan real iqtisadi faktordur. Ermənistan bazarına daxil olan Azərbaycan məhsulları psixoloji baryerlərin iqtisadi mənfəətlə aşılması baxımından da önəmlidir. Əlbəttə, bu proses sərbəst bazar qanunları və biznes maraqları üzərində qurulur. 

Artıq sülh gündəliyi dedikdə, tərəflərin, sadəcə, sərhəd xətlərini deyil, həm də gömrük qapılarını, bank köçürmələrini və rəqabətədavamlı bazar şərtlərini müzakirə etdiyi mühit başa düşülür. Bu, sülhün relslər üzərində bərqərar olmasının işarəsidir. Ümumiyyətlə, son aylarda cərəyan edən proseslər sülh marafonunun yeni və ümidverici mərhələyə qədəm qoyduğunu göstərir. Münaqişə səhifəsinin qapandığını tərəflərin bir-birinə ünvanladığı bəyanatlarda deyil, birbaşa ticarət statistikalarında, açılan nəqliyyat marşrutlarında və ən yüksək səviyyəli etiraflarda görürük. Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 18-19-da ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirakdan sonra ölkəsinə "sülhə daha böyük inamla qayıtdığını" açıqlayıb. Bu ifadə Vaşinqtonun sülh prosesində nə dərəcədə həlledici rol oynadığını göstərir, həmçinin regionda uzunmüddətli sabitlik üçün yeni bir mexanizmin işə düşdüyünə işarə edir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Vaşinqton sammitindən sonra tərəflər arasında yeni səhifə açıldığını söyləyib. Bu ölkənin XİN başçısı vurğulayıb ki, ötən il avqustun 8-də Vaşinqtonda Birgə bəyannamənin imzalanması və əldə edilən irəliləyişdən sonra Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq sahəsində yeni səhifə açılıb: "Mövcud şərait Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın dərinləşdirilməsi və regional əməkdaşlığın təşviqində mühüm rol oynaya biləcək əlaqə, ticarət və etimad quruculuğu tədbirlərini inkişaf etdirmək üçün real imkan yaradır". Mirzoyanın qeyd etdiyi "yeni səhifə" anlayışı regionun iqtisadi xəritəsinin dəyişməsi deməkdir. Güman ki, Mirzoyan "regional əməkdaşlığın təşviqi" deyərkən Ermənistanın Azərbaycan və Türkiyə ilə qapalı olan sərhədlərinin tam açılmasını və iqtisadi blokadadan çıxmasını nəzərdə tutur. Şübhəsiz, sülh əldə olunarsa, Ermənistanın Azərbaycanın enerji resurslarından istifadə etməsi və regional layihələrə qoşulması tərəflərin müzakirə etdiyi perspektivlərdən biridir. Yəni tam iqtisadi münasibətlər və regional əməkdaşlıq yekun sülh müqaviləsi imzalandıqdan və kommunikasiyalar açıldıqdan sonra mümkün olacaq. Eyni zamanda Türkiyə Ermənistanla sərhədlərini açacaq. Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü Ernest Qazaryan da deyib ki, artıq Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub: "Sülh artıq reallıqdır. Qan tökülməsi dayanıb. Sülhün bərqərar olmasından sonra iki ölkə arasında iqtisadi və diplomatik münasibətlər bərpa olunur". 

Ticarət mübadiləsi sülhün zəmanəti və iki ölkə arasında etimad quruculuğuna ciddi töhfə kimi dəyərləndirilməlidir. Sözsüz, bu yeni səhifənin açılmasında Azərbaycanın barış təşəbbüslərinin, Sülh Şurası kimi beynəlxalq platformaların və yüksəksəviyyəli diplomatik məsləhətləşmələrin rolu əvəzsizdir. 

Sülh prosesi çərçivəsində növbəti təmaslardan biri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoqomonyanın fevralın 24-də Cenevrədə reallaşan görüşüdür. Bu görüş sülh prosesinin mühüm tərkib hissəsi olan etimad quruculuğu tədbirlərinin davamıdır. Cenevrə görüşləri sülh müqaviləsinin mətnindən daha çox humanitar məsələlər, itkin düşmüş şəxslər və beynəlxalq təşkilatlarda qarşılıqlı ritorikanın yumşaldılması kimi spesifik mövzulara fokuslanır. O baxımdan adətən Cenevrə təmasları daha məhsuldar nəticələr verir. 

Beləliklə, Vaşinqtondan Cenevrəyə uzanan diplomatik müzakirələr və kommersiya əlaqələri sülhün artıq siyasi arzudan regionun rifahını təmin edən canlı bir prosesə çevrildiyinin əyani təzahürüdür. Azərbaycanın strateji humanitar jestləri və Ermənistan rəhbərliyinin iqtisadi praqmatizmə yönəlməsi regionu münaqişə poliqonundan qlobal tranzit və enerji qovşağına çevirir. Bu prosesin sonunda qazanan tərəf təkcə Bakı və İrəvan deyil, bütövlükdə sabitlik və rifah içində yaşayan Cənubi Qafqaz olacaq.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr