Azərbaycanda insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması təklif edilir.
"Report" xəbər verir ki, bu, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində əks olunub.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmini, müdafiəsi və təşviqi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq müasir çağırışlara, yeni dövrün tələblərinə və mövcud prioritetlərə uyğun, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın, hüquq müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə növbəti illər üçün insan hüquqları sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması vacibdir.
Məruzədə həmçinin, ölkədə biznes fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının təmini, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədilə "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanıb qəbul olunması təklifi də yer alıb.