AZ

Səttar Möhbalıyev: "Xocalı Soyqırımı Memorialının açılışı tarixi ədalətin təntənəsidir"



2026-cı il fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı baş tutdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə çıxış edərək həm faciənin mahiyyətini, həm də son illərdə əldə olunmuş tarixi-siyasi nəticələri geniş şəkildə təhlil etdi. Bu çıxış təkcə anım nitqi deyil, həm də 30 ildən artıq davam edən mübarizənin siyasi yekunu kimi qiymətləndirilə bilər.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident çıxışında ilk növbədə vurğuladı ki, “İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.” Bu cümlə sadəcə tikinti prosesinə istinad deyil. Bu, 2023-cü ildə Xocalının azad edilməsindən sonra başlanan yeni mərhələnin rəmzidir. Cənab Prezident iki il əvvəl təməli qoyulan kompleksin məhz Xocalıda inşa olunmasını xüsusi vurğulayaraq bildirdi ki, layihə əvvəllər Bakıda reallaşdırıla bilərdi, lakin onun daxili inamı bu memorialın məhz azad edilmiş Xocalıda ucaldılacağını deyirdi. Bu məqam siyasi baxımdan belə şərh oluna bilər ki, ədalət yalnız ərazi üzərində suverenlik təmin olunduqdan sonra tam bərpa olunur. Cənab Prezident İlham Əliyev Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verərək dedi: “Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır.” O, bir gecədə 600-dən çox mülki şəxsin, o cümlədən 106 qadının və 63 uşağın qətlə yetirildiyini, 150 nəfərin itkin düşdüyünü xatırladaraq bunun planlı və sistemli cinayət olduğunu vurğuladı. Burada cənab Prezident hadisəni təkcə Azərbaycan xalqına qarşı yox, insanlığa qarşı cinayət kimi təqdim edir. Bu yanaşma Xocalı məsələsinin beynəlxalq hüquq müstəvisində mövqeləndirilməsinə xidmət edir. Cənab Prezident çıxışında “Heydər Əliyev Fondu”nun fəaliyyətini xüsusi qeyd etdi: “Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi.” Bu təşəbbüsün Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirildiyini vurğulayan cənab Prezident bildirdi ki, 20 ilə yaxın müddətdə dünyanın müxtəlif ölkələrində tədbirlər, konfranslar, nəşrlər vasitəsilə həqiqətlər yayılıb. Bu hissə göstərir ki, Xocalı məsələsi yalnız hərbi yox, həm də informasiya və diplomatik mübarizə predmetidir. Cənab Prezident açıq şəkildə etiraf edir ki, əgər Azərbaycan öz səsini ucaltmasaydı, bu gün beynəlxalq ictimaiyyətdə obyektiv məlumat formalaşmaya bilərdi. Onun sözlərinə görə artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bu, mərhələli ədalət prosesinin birinci addımı idi.

Millət vəkili onu da bildirib ki, cənab Prezident çıxışında ədalət prosesini mərhələlər üzrə təsnif etdi. Xocalının beynəlxalq tanınması istiqamətində diplomatik fəaliyyət, 44 günlük Vətən müharibəsi və şanlı Zəfər, Xocalının azad edilməsi və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması. Vurğuladı ki, “Ədaləti biz özümüz təmin etdik.” Bu fikir Azərbaycan dövlətinin xarici güclərə arxalanmadan suveren qərar qəbul etdiyini göstərir. Cənab Prezident bildirdi ki, müharibə cinayətkarlarının bir hissəsi döyüş meydanında məhv edilib, bir hissəsi isə saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. Bu məqam çıxışın ən mühüm siyasi tezislərindən biridir: hərbi qələbə hüquqi ədalətlə tamamlanmalıdır. Cənab Prezident dedi: “Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı.” Burada o, uzun illər davam edən hazırlıq mərhələsini xatırlatdı: güclü iqtisadiyyatın qurulması, müasir ordunun formalaşdırılması, beynəlxalq hüquqi bazanın möhkəmləndirilməsi. Onun fikrincə, qələbə təsadüfi deyildi – bu, sistemli strategiyanın nəticəsi idi. Cənab Prezident 2023-cü ildə keçirilmiş qısa müddətli antiterror əməliyyatını da çıxışında xüsusi qeyd etdi. Onun sözlərinə görə, bir neçə saat ərzində qanunsuz xunta rejimi məhv edildi və 15 minlik silahlı qrup tərk-silah olundu. Bu hissə göstərir ki, dövlət rəhbərliyi üçün məsələ yalnız torpaq deyil, həm də tam suverenlik idi. Cənab Prezident çıxışında dedi: “Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.” Bu fikir isə memorialın əsas ideoloji xəttini müəyyən edir: Tarixi yaddaş, milli birlik, dövlətə və orduya inam, gələcək təhlükələrə qarşı ayıqlıq. O həmçinin vurğuladı ki, Azərbaycan artıq 1992-ci ilin dövləti deyil, güclü və özünü müdafiə etməyə qadir dövlətdir.
Cənab Prezident çıxışının sonunda mühüm bir mesaj verdi: “Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq.” Bu tezis Azərbaycanın hərbi əməliyyatları beynəlxalq hüquq çərçivəsində apardığını göstərmək məqsədi daşıyır. Cənab Prezidentin sözlərinə görə, məhz bu prinsipial mövqe Azərbaycanın beynəlxalq nüfuzunu artırıb. Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalıda açılması cənab Prezident İlham Əliyevin çıxışında təqdim edildiyi kimi, ədalət prosesinin son mərhələsi kimi qiymətləndirilir. Bu mərasim: Tarixi yaddaşın əbədiləşdirilməsi, dövlət suverenliyinin təsdiqi, hərbi və hüquqi ədalətin tamamlanması və milli birliyin nümayişi kimi məna qatlarını özündə birləşdirir. Cənab Prezidentin çıxışı göstərdi ki, Xocalı artıq yalnız faciə simvolu deyil həm də qalib və güclü dövlətin yaddaş rəmzidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb..



Seçilən
14
1
aia.az

2Mənbələr