AZ

Biznesin inkişafı sahəsində optimallaşdırma

Yeni agentliyin yaradılması mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetməni təkmilləşdirəcək

Prezident İlham Əliyevin imzaladığı “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin (“AZPROMO”) bazası əsasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb. Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft sektoru üzrə investisiyaların və ixracın təşviqi, sahibkarlıq subyektlərinin maraqlarının qorunması və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən struktur kimi fəaliyyət göstərəcək.

Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi, o cümlədən onun Aparatının işçilərinin say həddi 291 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 79 ştat vahidi müəyyən edilib. Yeni struktur mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri, qeyri-neft sektoru üzrə investisiyaların və ixracın təşviqi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində dövlət siyasətini həyata keçirəcək.

Sahibkarlıq sahəsində islahatların növbəti mərhələsi

Yeni agentliyin yaradılması ölkə iqtisadiyyatında biznesin inkişafı sahəsində optimallaşdırma tədbirlərinin gücləndirilməsi istiqamətində mühüm bir addım kimi qiymətləndirilə bilər. Yeni dövlət qurumunun yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək verir və bu sahədə beynəlxalq təcrübəyə uyğundur. Yeni qurum, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft sektoruna investisiyaların cəlbinin və milli istehsalın ixracının təşviqi, biznes xidmətlərinin daha vahid şəkildə əlaqələndirilməsi baxımından struktur islahatlarının növbəti mərhələsi kimi səciyyələndirilə bilər. Eyni zamanda, sahibkarların milli maraqlarının müdafiəsi və bu sahədə dövlət dəstəyinin artırılması, ölkədə rəqabətli biznes mühitinin formalaşması baxımından da əhəmiyyətli sayıla bilər.

Ötən illərdə aparılan islahatların nəticələri də təsdiqləyir ki, müxtəlif iqtisadi, sosial, əmək, maliyyə, büdcə, vergi və s. sahələrdə aparılan islahatlar biznesə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətli dönüş yaradıb. İslahatlar dövlət aparatı sisteminin funksionallıq baxımından müəyyən dərəcədə yüngülləşməsinə, bir-birini təkrarlayan dövlət qurumlarının bir qisminin ləğvi və ya birləşdirilməsi yolu ilə daha modern, çevik dövlət qurumları ilə əvəzlənməsinə səbəb olmaqla, iqtisadi siyasətə yeni nəfəs gətirib.

İslahatlar nəyi dəyişəcək?

Azərbaycan iqtisadiyyatı hazırda yeni mərhələyə qədəm qoyub. İqtisadiyyatın dinamik inkişafı, qeyri-neft sektorunun və ixrac qabiliyyətinin yüksəlməsi, iqtisadiyyatda yeni yanaşmalara əsaslanan müasir innovativ modellərin geniş tətbiqi və ölkəmizin qlobal bazarlara inteqrasiyasının daha da dərinləşməsi və rəqabət qabiliyyətinin artması, eləcə də digər meyillər dövlət idarəçiliyinin strukturunun təkmilləşdirilməsini mühüm tələb kimi qarşıya qoyub. Müasir iqtisadi sistem dövlət aparatının bir çox sahələrinin hazırkı dinamik və hərtərəfli inkişaf tempinin tələblərinə uyğunlaşdırılmasını, göstərilən dövlət xidmətlərinin keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılmasını, səmərəliliyin və çevikliyin təmin edilməsini, ən mütərəqqi qabaqcıl təcrübə və texnologiyaların idarəetmədə geniş tətbiqini zəruri edir.

Məhz bu nöqteyi-nəzərdən islahatlar səmərəliliyi, çevikliyi və şəffaflığı təmin edən genişmiqyaslı prosesin davamıdır. Müasir inkişaf kursunun prinsiplərinə uyğun olaraq aparılan islahatlar sosial-iqtisadi inkişaf prioritetlərinə çatmaq üçün də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, iqtisadi idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı strateji hədəflərə, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsaslanır.

Aparılan struktur dəyişiklikləri dövlət idarəetmə sistemində səmərəliliyin artırılması, verilən qərarların icrasının dinamikliyinin, dövlət xidmətlərinin ünvanlılığının və asanlılığının, ayrılan maliyyə vəsaitlərinin hesabatlılığının təmin edilməsi və xərclərin rasionallaşdırılması baxımından mühüm əhəmiyət kəsb edir.

İslahatlar dövlət büdcəsindən maliyyələşən təşkilatların baxışını, büdcəyə yanaşmasını da dəyişdirəcək. Həmin qurumlar bundan sonra başqa prinsiplər əsasında fəaliyyət göstərməyə məcbur olacaq. Bu baxımdan yeni struktur islahatları büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.

Ümumiyyətlə, yeni publik hüquqi şəxs qismində agentliklərin və digər qurumlarının yaradılması, bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin tabeliyindəki strukturların birləşdirilməsi funksional idarəçiliyin tələbləri olmaqla, son illərdə aparılan səmərəli islahatların mühüm nəticəsi hesab edilməlidir.

Beləliklə, mövcud institusional islahatların aparılması və sahibkarlıq sahəsində yeni qurumun yaradılması Azərbaycanın iqtisadiyyatında biznes mühitinin daha da əlverişli hala gətirilməsi üçün atılan vacib addımlardan biridir.

E.CƏFƏRLİ

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr