“Real”ın hücumçusu Rodriqonun Madriddəki gələcəyi sual altındadır.
İdman.Biz xəbər verir ki, İtaliya təmsilçisi “İnter” futbolçunun vəziyyətini yaxından izləyir.
25 yaşlı braziliyalı ilə təkcə milanlılar deyil, həmçinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu, eləcə də İngiltərə Premyer Liqasının nəhəngləri - “Arsenal”, “Çelsi” və “Tottenhem” də maraqlanır.
Rodriqo özü “kral klubu”nda qalmaq istəsə də, komandada məhdud rol oynamaqla barışmaq niyyətində deyil. Kilian Mbappe və Vinisius Juniorun kölgəsində qalmaq istəməyən hücumçu, daha çox oyun vaxtı ala biləcəyi variantları dəyərləndirə bilər.
Qeyd edək ki, Rodriqonun “Real”la müqaviləsi 2028-ci ilin iyununa qədərdir və onun sərbəstqalma məbləği 1 milyard avro (2 milyard AZN) təşkil edir. Lakin ulduz futbolçunun narazılığı transfer pəncərəsində sürpriz gəlişmələrə yol aça bilər.