AZ

Rəsədxanada Xocalı faciəsi tarixin qan yaddaşı” adlı anım tədbiri keçirilib

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Xocalı Faciəsinin 34-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı və Şamaxı bölmələrində “Xocalı faciəsi – Tarixin qan yaddaşı” adlı anım tədbiri keçirilib.

XQ xəbər verir ki, hər iki tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsədxananın baş direktoru, müxbir üzv Namiq Cəlilov çıxış edərək bildirib ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biridir. O vurğulayıb ki, dinc əhaliyə qarşı törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir. Bildirilib ki, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımının tanıdılması istiqamətində aparılan sistemli fəaliyyət mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, müstəqil Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur və onların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

“Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri, f.r.f.d. Kamal Hüseynov çıxışında Xocalı hadisələrinin beynəlxalq hüquq normalarına zidd olaraq törədilmiş soyqırımı aktı olduğunu bildirib. O, faciənin siyasi-hərbi aspektlərinə toxunaraq, həmin dövrdə mülki əhaliyə qarşı həyata keçirilmiş zorakılığın miqyasını diqqətə çatdırıb və bu cinayətin hüquqi-siyasi qiymətinin verilməsinin vacibliyini vurğulayıb.

“Planetlər və kiçik səma cisimləri” şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev çıxışında Xocalı faciəsinin xalqımızın yaddaşında sağalmaz yara kimi qaldığını qeyd edib. O bildirib ki, Xocalı şəhidlərinin xatirəsinin yad olunması yalnız hüzn deyil, eyni zamanda milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının təzahürüdür.

“Elmi nəticələrin işlənməsi və nəşr” sektorunun əməkdaşı Arif Qənbərov vurğulayıb ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması informasiya müstəvisində mühüm vəzifə olaraq qalır. O, tariximizin bu faciəli səhifəsinin unudulmamasının və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

Şamaxı bölməsində keçirilən analoji tədbirdə baş mühəndis Zaur Ağayev qeyd edib ki, Xocalı qurbanlarının əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır və bu faciə heç vaxt unudulmayacaq. O, anım tədbirlərinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib.

Daha sonra ŞAR Həmkarlar İttifaqı Komitəsinin üzvü Səbahəddin Alışov çıxış edərək Xocalı faciəsinin başvermə səbəblərinə tarixi və siyasi prizmadan yanaşıb, həmin dövrdə regionda baş verən proseslərə toxunub. O vurğulayıb ki, Xocalı soyqırımı insanlıq əleyhinə törədilmiş ağır cinayət kimi tarixdə qalacaqdır.

Növbəti çıxışçı – ŞAR “Elmi nəticələrin işlənməsi və nəşr” sektorunun əməkdaşı Təranə Hüseynova öz nitqində xalqımızın birliyinin və həmrəyliyinin belə faciələrin nəticələrinin aradan qaldırılmasında mühüm rol oynadığını bildirib. O, tarixi ədalətin bərpasının və Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasının əhəmiyyətini qeyd edib.

Hər iki bölmədə keçirilən tədbirlərdə çıxış etmək istəyən əməkdaşlara söz verilib, onların fikirləri iştirakçılar tərəfindən diqqətlə dinlənilib.

Tədbirlərin yekununda Bakıda "Ana fəryadı", Şamaxıda isə soyqırım abidəsi ziyarət olunub. Abidələrin önünə tər güllər düzülərək soyqırım qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr