Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) indiki dövrdə çox mühüm əhəmiyyət kəsb edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) xarici əlaqələr, strategiyalar, biliklər və innovasiyalar üzrə direktoru Edlam Yemeru WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, UN-HABITAT Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir: "Ümumdünya Şəhərsalma Forumu həqiqətən qlobal, son dərəcə inklüzivdir. O, şəhər inkişafı və mənzil sahəsi ilə bağlı dünyanın ən mötəbər konfransına çevrilib".
Qonaq deyib ki, WUF13 çox vacib tədbirdir: "2026-cı il qlobal şəhər inkişafı üçün xüsusilə mühüm ildir. Birinci məqam odur ki, qlobal mənzil böhranı indi kritik təcililik səviyyəsinə çatıb. Bu gün dünyada təxminən 3 milyard insanın mənzili yoxdur, 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində son dərəcə ağır şəraitdə yaşayır. Beləliklə, böhranın miqyasını təsəvvür edə bilərsiniz. Forumunun vurğulayacağı məsələ məhz budur".