AZ

Xocalıdan verilən əsas mesaj budur: Azərbaycan artıq qurban deyil

Yazını böyüt
Yazını kiçilt

“Xocalı artıq təkcə soyqırımı və məğlubiyyətin deyil, qalibiyyətin və milli bütövlüyün rəmzinə çevrilib. Məhz bu məkandan dünyaya səslənən Prezident İlham Əliyevin mesajları və ardınca Serbiyaya səfəri son 35 ildə formalaşan yeni qlobal reallıqları bir daha göstərdi. Səfər çərçivəsində Prezident Aleksandr Vuçiç bəyan etdi ki, Balkanlarda və Cənubi Qafqazda eyni vaxtda başlayan müharibələr fonunda yeganə qalib dövlət Azərbaycandır”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc səslındirib.

O, qeyd edib ki, həqiqətən də, bir zamanlar keçmiş Yuqoslaviya ərazisində baş verən qanlı savaşlar Cənubi Qafqazdakı proseslərlə paralel cərəyan edirdi:

"Balkanlarda münaqişələr yeni siyasi reallıqlar və hibrid dövlət modelinin yaranması ilə nəticələndi. “Kosovo modeli”nin Qarabağa tətbiqi cəhdləri də olmuşdu. Lakin Avropanın iki fərqli hissəsində oxşar ssenarilər – xarici müdaxilələr, vasitəçi monopoliyaları – fərqli nəticələr doğurdu. Cənubi Qafqazda Azərbaycan tarixin axarını dəyişdi, “dondurulmuş münaqişə” anlayışına son qoydu və yeni geosiyasi reallıq yaratdı. Bir əsr geriyə nəzər saldıqda isə 1919–1920-ci illərdə ABŞ prezidenti Vudro Vilsonun arbitraj qərarları ilə Ermənistanın ərazilərinin genişləndirilməsinə cəhd göstərdiyini xatırlayırıq. O zaman regionun taleyi və xəritəsi kənarda müəyyənləşdirilirdi. Bu gün isə Azərbaycanın Qələbəsinin legitimliyi və suverenliyi məhz həmin Vaşinqtonda qəbul olunur”.

O, hesab eir ki, qalib xalq strateji düşünməlidir:

"Ermənistanla başlanan ticarət əlaqələrinə yalnız iqtisadi stimul kimi deyil, İrəvanı xarici asılılıqdan azad edən siyasət kimi yanaşmaq lazımdır. Region real inteqrasiyaya nail olsa, kommunikasiyalar açılsa, xarici himayədarlara ehtiyac azalacaq. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi sual aktualdır: Cənubi Qafqaz niyə inkişafdan geri qalıb? Çünki bu coğrafiya uzun illər savaş meydanına çevrilib”.

Zahi Oruc son günlər Pakistan–Əfqanıstan xəttində artan gərginliyə diqqət çəkib. Onun sözlərinə görə, bu, regionumuzun ümumilikdə qlobal risk zonasında yerləşdiyini göstərir:

“Lakin Xocalıdan verilən əsas mesaj budur: Azərbaycan artıq qurban deyil. Xalqımız yaşayır, güclənir və təkcə öz taleyini deyil, regionun gələcəyini də formalaşdırır. Bu Qələbə yalnız torpaqların azadlığı deyil, həm də Ermənistanın keçmiş imperiya asılılığından qurtuluş şansıdır. Buna görə də xalqları barışa hazırlamaq zəruridir. Yaralar təzə, düşmənçilik dərin olsa da, sülh müqaviləsindən sonra daha böyük çağırışların və gizli təhlükələrin ortaya çıxacağı reallığını da görməliyik. Tarix göstərir ki, iki xalq arasında dinc birgəyaşayış mümkün olub. İkinci Dünya müharibəsi illərində erməni diviziyalarında azərbaycanlılar da döyüşüb, “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülən soydaşlarımız olub. Lakin tarix çox vaxt yalnız baqramyanları, babacanyanları, isakovları önə çıxarıb. Erməni kinoşünaslığının əsasını qoyanlardan biri – Sabir Rzayev kimi azərbaycanlı ziyalıların adı isə geniş ictimaiyyətə az tanışdır. Sovet dövründə Ermənistanın ictimai-siyasi həyatında azərbaycanlılar müxtəlif vəzifələrdə təmsil olunublar. Xalqımızın mədəni konstitusiyasını yaradan dahi Üzeyir Hacıbəyli 1919-cu ildə Qafqaz xalqlarına müraciətində bildirirdi ki, milli və dini fərqlər bir ittifaqda yaşamağa mane olmamalıdır. Bu gün həmin çağırış yenidən aktuallaşır. Ayırıcı divarlar və səngərlər deyil, sülh və əməkdaşlıq körpüləri qurmaq zamanıdır”.

Tahirə Qafarlı

Seçilən
18
hafta.az

1Mənbələr