AZ

Xocalı Memorial Kompleksinin açılışı tarixi ədalətin təcəssümüdür – Tənzilə Rüstəmxanlı

Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə səfər etməsi, insanlarla birlikdə olması dövlətimizin gücünü və gələcəyə çox inamlı olduğumuzu göstərir. Bu baxımdan Xocalı Soyqırımının 34-cü ildönümündə prezidentin Xocalıya səfəri, Xocalı Memorial Kompleksinin açılışında iştirakı xüsusi əhəmiyyət daşıyırdı.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Xocalı bir vaxtlar ancaq qanlı hadisə kimi yada düşürdü. Lakin artıq Xocalıya həyat yenidən qayıdıb, orada sürətli yenidənqurma işləri aparılır. Ölkə başçısının Xocalı soyqırımının ildönümündə Xocalıda və Xocavənddə olması da dövlətimiz öz suverenliyini qoruya bildiyinin daha bir sübutudur.

Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu.

Azərbaycan artıq post-münaqişə mərhələsində qalib və suveren dövlət kimi mövqelərini möhkəmləndirir. “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.

Cənab Prezident də vurğuladı ki, Xocalı və digər yaşayış məntəqələrinin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası deyil, həm də sosial ədalətin təmin olunması və milli ləyaqətin bərpasıdır. Bu baxımdan memorial kompleksi dövlətin öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaq əzminin göstəricisi kimi də qiymətləndirə bilərik.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı Soyqırımının beynəlxalq müstəvidə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və həqiqətlərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır.

Bir çox ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr məhz bu ardıcıl, prinsipial və sistemli fəaliyyətin məntiqi nəticəsidir. Məhz bu həqiqətlərin dünya miqyasında tanıdılması və ədalət tələbinin beynəlxalq səviyyədə səsləndirilməsi 2020-ci ildə əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsasını daha da möhkəmləndirdi.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbə xalqımızın 30 illik ədalət mübarizəsinin şanlı yekunu oldu. 2023-cü ildə Xocalı şəhərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən parlaq rəmzinə çevrildi.

Prezidentin açılışında iştirak etdiyi Xocalı Memorial Kompleksi gələcək nəsillərə həqiqətləri çatdıracaq, tariximizin bu qanlı səhifəsini unutmağa qoymayacaq. Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Seçilən
11
1
interpress.az

2Mənbələr