“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, həmin vəsaitin bölgüsü, büdcə ilinin istənilən vaxtında digər istiqamətlər üzrə xərclənməsi və ilin sonunadək xərclənməməsinin (büdcəyə qaytarılmasının) təsirləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində, maliyyə ekspertizası aparılmaqla, zəruri maliyyə vəsaitinin ayrıca sətirlə nəzərdə tutulması üçün müvafiq işlər görməli; Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla, bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan tədbirləri həyata keçirməlidir.
6Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki:
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etmək; Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə aylıq məlumatları hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim etmək tapşırılıb.
Bizim.Media