AZ

COP29 dan WUF13 ə: Azərbaycan beynəlxalq tədbirlər üçün etibarlı məkandır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 fevral, AZƏRTAC

Dünya miqyasında əhalinin sayının artması, iqlim və urbanizasiya problemləri bəşəriyyəti düşünməyə vadar edir. Azərbaycan hər bir qlobal problemə həssas yanaşdığı kimi bu məsələyə də ciddi yanaşaraq öz töhfəsini verməyə çalışır. Bunun üçün Dünya Şəhərsalma Forumunun13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsini təşkil edən Azərbaycan dünya miqyaslı məsələlərə öz töhfəsini verəcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Sadiq Qurbanov deyib. O bildirib ki, əhalinin ev, su, enerji ilə təminatının çətinləşdiyi bir zamanda Azərbaycan dövləti bu məsələləri həll etməyə çalışaraq dünya dövlətlərinə yeni şəhərsalma metodlarını müzakirə etmək üçün məkan təqdim edir. Yeni texnologiyaların tətbiqi ilə insanlar üçün rahat şəhərlərin salınması olduqca aktualdır. Yeni şəhərlərdə tikilən evlərin günəş və külək enerjisindən alınan elektriklə təminatı, evlərə ekoloji baxımdan təmiz su çəkilməsi, yaşıllıqların qorunub saxlanılması olduqca vacib məsələlərdir ki, bunlar da WUF13-də müzakirə olunacaq və qlobal xarakterli qərarlar qəbul ediləcək.

“Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəsi var. Bunu biz COP29-da gördük. Azərbaycan 60 mindən çox qonağı qəbul edərək nəqliyyat və digər məsələlərin öhdəsindən layiqincə gəldi”, - deyə Milli Məclisin deputatı bildirib. Nəzərə çatdırıb ki, hər iki ildən bir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Dünya Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı üzrə dialoq üçün aparıcı qlobal platformadır. Forum hökumətləri, şəhərsalma mütəxəssislərini, vətəndaş cəmiyyətini, akademik dairələri və beynəlxalq təşkilatları bir araya gətirərək siyasətlərin, innovasiyaların və qabaqcıl təcrübələrin mübadiləsinə imkan yaradır. Qərarverici orqan olmasa da, qlobal şəhər gündəliyinin formalaşmasında mühüm rol oynayır.

O qeyd edib ki, forumun builki mövzusu “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” adlanır. İqlim dəyişikliyi bütün dünyada şəhərlərdə istilik dalğalarının, daşqınların, məcburi köçkünlüyün və infrastruktur yüklənməsinin artmasına səbəb olur və bu proseslər qeyri-adekvat və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan əhaliyə daha çox təsir göstərir. Buna görə də mənzil məsələsi təkcə sosial problem deyil, eyni zamanda, iqlimə davamlılıq və insan təhlükəsizliyi məsələsidir.

Deputat vurğulayıb ki, WUF13-ə ev sahibliyi etmək Azərbaycan üçün həm də təcrübə qazanmaq baxımından əhəmiyyətlidir. “Ölkəmiz özünün inkişaf mərhələsini yaşayır və buna görə də yeni tip şəhərsalma sahəsində təcrübələrin öyrənilməsi faydalı olar”, - deyə S.Qurbanov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
azertag.az

2Mənbələr