AZ

“Kəpəz” ətrafında yenə qalmaqal: köhnə ssenari, yeni adlar

Azərbaycan futbolunun köklü təmsilçilərindən olan Kəpəz yenidən müzakirələrin mərkəzinə düşüb.

Doğru.az xəbər verir ki, son illər infrastruktur problemləri, maliyyə çətinlikləri və sponsorsuzluq səbəbindən çətin günlər yaşayan Gəncə klubu hazırda nisbətən sabit mərhələyə qədəm qoysa da, ətrafındakı söz-söhbətlər səngimək bilmir.

90-cı illərdə Azərbaycan çempionatının liderlərindən olan “sarı-göylər” ardıcıl uğurlarla adından söz etdirirdi. Bu gün isə klub yenidən dirçəliş mərhələsinə qədəm qoymağa çalışır. Gəncə şəhər stadionunun təmiri, sponsor məsələsinin həlli və Azər Bağırovun baş məşqçi təyin olunması komandada müəyyən sabitlik yaradıb. Hətta komandanın Qarabağ üzərində qələbəsi futbol ictimaiyyətində müsbət rezonans doğurub. Turnir cədvəlində isə “Kəpəz” 22-ci tur ərəfəsində Karvan-Yevlaxı 7 xal qabaqlayaraq autsayder zonasından uzaqlaşmağı bacarıb.

Lakin bütün bunlara baxmayaraq, klub yenidən intriqalarla üz-üzədir. Bu dəfə Gəncəni Milli Məclisdə təmsil edən deputat Müşfiq Cəfərov klub rəhbərliyini dolayı ittiham edən açıqlama ilə gündəmə gəlib. O, mediada səslənən iddialara istinad edərək qazonun saxlanılması üçün “Agrosport”un rəhbəri Fərman Əlizadəyə artıq vəsait ödənildiyini bildirib.

İddianı yayan tərəf sonradan məsələ ilə bağlı sənədlər təqdim edərək faktların təsdiqini tapmadığını açıqlasa da, deputatın səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Xatırladaq ki, daha əvvəl AFFA tərəfindən Gəncə futbolunun inkişafı üçün ayrılan vəsaitlərlə bağlı da qalmaqallar yaşanmışdı. Həmin dövrdə müəyyən məbləğlərin bank kartları vasitəsilə nəğdləşdirilməsi barədə iddialar gündəmə gəlmişdi.

Müşfiq Cəfərov isə iki il əvvəl klubun rəsmi saytına müsahibəsində iş adamlarını “Kəpəz”ə dəstək olmağa çağırmış, sponsorların cəlb edilməsinin vacibliyini vurğulamışdı.

Hazırda isə sual açıq qalır: dirçəliş yoluna qədəm qoyan “Kəpəz”ə dəstək lazımdır, yoxsa yeni ittihamlar? Mövsümün həlledici mərhələsində klubun sabitliyini qoruyub-qoruya bilməyəcəyi yaxın həftələrdə bəlli olacaq.

DOĞRU.AZ 

Seçilən
14
1
dogru.az

2Mənbələr