AZ

İctimai Şuranın katibi: Məktəbə və universitetə aparan yol çətin olmamalıdır

Bakı, 27 fevral, AZƏRTAC

İctimai nəqliyyat çox vaxt neçə dəqiqəlik interval, neçə sərnişinlik tutum, hansı marşrut xətti üzərindən müzakirə olunur. Halbuki məsələ bundan daha dərindir. Hər səhər minlərlə şagird, tələbə və müəllim dərsə məhz bu sistem vasitəsilə çatır. Onların günə hansı ruh halı ilə başladığı isə çox vaxt yolda yaşadıqları təcrübədən asılı olur.

Milli Məclisinin İnsan hüquqları komitəsində Ombudsmanın 2025-ci il üzrə məruzəsində şagird, tələbə, əlilliyi olan şəxslər və təqaüdçülər üçün nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı təklifin səsləndirilməsi bu baxımdan əhəmiyyətlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, bu addımı yalnız sosial dəstək kimi deyil, təhsilə çıxışın genişləndirilməsi istiqamətində düşünülmüş yanaşma kimi qiymətləndirmək olar: “Sadə bir ailə modelini təsəvvür edək; uşağın məktəbi var, əlavə hazırlıq dərsi var, bəzən kursa da gedir. Gündəlik yol xərci az görünə bilər, amma ayın sonunda ciddi məbləğə çevrilir. Güzəştli kart sistemi həm ailə büdcəsini qoruyar, həm də davamiyyəti stimullaşdırar. Xüsusilə ucqar ərazilərdə yaşayan şagirdlər üçün bu, real imkan bərabərliyi yaradar. Beynəlxalq təcrübə göstərir ki, bu istiqamət uğurlu nəticələr verir. Almaniyada tələbələr üçün “Semesterticket” sistemi geniş yayılıb. Böyük Britaniyada yeniyetmələr üçün endirimli nəqliyyat kartları tətbiq olunur. Finlandiyada tələbələr ictimai nəqliyyatdan əhəmiyyətli güzəştlərlə istifadə edirlər. Həmin ölkələrdə ortaq yanaşma belədir: təhsil alan şəxsin yolu çətin və bahalı olmamalıdır”.

Günay Əkbərova tələbələr üçün nəqliyyat xərcinin bəzən dərs vəsaitlərindən daha ağır yükə çevrildiyini vurğulayıb: “Güzəştli sistem tələbəyə əlavə qazanc axtarmaq əvəzinə enerjisini təhsilinə yönəltmək imkanı verir.

Müəllimlər üçün də məsələ xüsusi əhəmiyyət daşıyır. Xüsusilə bölgələrdə fəaliyyət göstərən, hər gün məsafə qət edən müəllimlər üçün nəqliyyat həm maddi, həm də fiziki yükdür. Rahat və əlçatan nəqliyyat müəllimin iş keyfiyyətinə birbaşa təsir edir. Yorğun və stresli şəkildə dərsə gələn müəllimlə enerjili gələn müəllim arasında fərq aydındır. Müəllimlər üçün xüsusi güzəşt mexanizmi həm praktik dəstək, həm də peşəyə verilən dəyərin göstəricisi olar. Uzun intervallar şagird üçün buraxılmış dərs deməkdir. Səhər saatlarında sıxlıq və tıxac uşaqların diqqətini və motivasiyasını azaldır”.

Ekspert dərs saatlarına uyğun xüsusi reyslərin təşkilinin məqsədəuyğun ola biləcəyini söyləyib: “Şagird və tələbə sıxlığı olan istiqamətlər üzrə marşrutların optimallaşdırılması effektivlik gətirər. Real vaxt məlumatı verən mobil tətbiqlər isə xüsusilə imtahan dövründə gərginliyi azaldar. Vahid “Təhsil kartı” sistemi isə həm güzəştləri tənzimləyə, həm də istifadəni şəffaf şəkildə izləməyə imkan verər.

Bakı kimi böyük şəhərdə ictimai nəqliyyatın gücləndirilməsi şəxsi avtomobillərin azalmasına, tıxacların yüngülləşməsinə və nəticədə vaxt itkisinin minimuma enməsinə səbəb ola bilər. İnkişaf etmiş şəhərlərdə ictimai nəqliyyatın prioritet olması təsadüfi deyil, bu, sosial və iqtisadi balansın mühüm hissəsidir.

Nəticə etibarilə, məktəbə və universitetə aparan yol çətin olmamalıdır. Təhsil yalnız sinif otağında deyil, ora aparan yolda da formalaşır. Vaxtında və rahat çatan şagird daha inamlı olur, rahat gələn müəllim isə daha məhsuldar işləyir. İctimai nəqliyyat siyasətinə bu prizmadan baxmaq, əslində, təhsilə strateji yanaşma deməkdir”.

Seçilən
15
azertag.az

1Mənbələr