AZ

Anasını təbrik etməyə gələn xalasının evini qarət etdi

Neftçalada gənc oğlan qohumunun evini qarət edib.

News365.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

21 yaşlı Əzim Mustafayev (ad və soyad şərtidir - red.) xalasının evinə girərək 1 340 manat pul oğurlayıb. Nəticədə o saxlanılıb və barəsində cinayət işi başlanıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən tarixdə anasının ad günü imiş və xalasıgil də təbrik etmək üçün onlara gəlib. Əzim isə pulu olmadığı üçün xalasının evini qarət etməyi düşünüb. Bunun üçün axşam saatlarında evdən çıxaraq qohumunun yaşadığı evə gedib və pəncərədən mənzilə daxil olub. O, ayrı-ayrı otaqlardan ümumilikdə 1 340 manat pul oğurlayıb. Bu pulların ona bəs etdiyini düşünərək evi tərk edib. Yolda pulun 29 manatını yeməyə xərcləyib. Yerdə qalan hissəni isə könüllü olaraq polisə təhvil verib.

Zərərçəkən şəxs ifadəsində ona dəymiş ziyanın tam ödənildiyini deyərək təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Əzim Mustafayev barəsində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seçilən
0
4
news365.az

5Mənbələr