Post-pandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 58 min yeni muzdlu iş yeri yaradılıb, bunun 21 mini 2025-ci ilin payına düşüb. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, nəticədə bu fəaliyyət sahəsinin muzdlu əmək bazarında payı son 5 ildə 1,5%-dən 4,6%-ə yüksəlib.
O qeyd edib ki, son 5 ildə ümumi turist xərcləmələri 7,7 milyard manat artaraq 2025-ci ildə 9 milyard manata çatıb ki, bu da pandemiyadan əvvəlki səviyyədən 39% çoxdur.
Nağıyev əlavə edib ki, 2019-cu illə müqayisədə 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına xərcləmələr 74% artıb.
Gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb və bu, 2019-cu illə müqayisədə 9,6% çoxdur.
Gülnar Nazimqızı