Azərbaycanda süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması (vergi, gömrük, sosial sığorta və s.) nəzərdə tutulub.
"APA-Economics" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.
Sərəncama əsasən, Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin, süni İntellekt, innovasiya və yüksək texnologiya sahələri üzrə vergi, gömrük və sosial sığorta güzəştlərini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanması və “İnvestisiya Təşviqi Sənədi” alətinin süni intellekt fəaliyyətinə şamil edilməsi hədəflənir.
Eyni zamanda Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin razılaşdırılması, süni intellekt şirkətlərinin güzəştlərdən faydalanması üçün Elektron Müraciət Sisteminin (bir pəncərə) istifadəyə verilməsi, Sİ sahəsinə cəlb edilmiş xarici və daxili investisiyaların həcminin və yeni yaradılan yüksək texnologiyalı iş yerlərinin sayının davamlı artması planlaşdırılır.