AZ

Səmasında sülh göyərçini uçuran Ermənistan anbarlarını silahla niyə doldurur? – TƏHLİL!

Ermənistan Baş naziri Nikol Paşinyanın Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb. Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış arasında imzalanan sənəd iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığı nəzərdə tutur.

Siyasi dönüklük, yaxud, İrəvan yenə bir əldə iki qarpız tutmaqda davam edir...

Erənistanla Polşa arasında imzalanan hərbi-texniki sazişlə bağlı xeyli sayda qəribə və şübhəli məqam mövcuddur. Bu məqamlardan biri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu halda NATO üzvü olan Polşa ilə açıq hərbi əməkdaşlıq etməsidir.  

Fərqli və bir-birinə aşkar zidd olan hərbi qurumlardan birinin üzvü olduğu halda, digər quruma üzv olan ölkə ilə əməkdaşlıq İrəvanın bir əldə iki qarpız tutmaq mərəzi kimi dəyərləndirilə bilər. Hansı ki, bundan öncə də Ermənistanın Rusiya ilə Qərb arasında kəskin manevrlər və dönüşlər etdiyi, bəzi hallarda isə özündə hər iki qütbə aid hərbi qüvvələri cəmlədiyi müşahidə olunub.

Buna nümunə olaraq Ermənistanda illər uzunudur ki, Rusiyaın 102 nömrəli hərbi hissəsinin mövcudluğu fonunda, həm də Avropa İttifaqının hərbçilərdən ibarət monitorinq missiyasının fəaliyyətini göstərmək olar. Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, bir neçə dəfə ABŞ-la birgə hərbi təlimlər keçirməsi də rəsmi İrəvanın siyasi dönüklüyünün, qeyri-səmimiliyinin təzahürüdür.

İrəvanın davranışları sülhdən daha çox müharibədən xəbər verir!

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar, xüsusilə də 2025-ci ilin 8 avqust tarixində Vaşiqntonda sülh mətninin paraflanması iki dövlət arasında de-fakto sülhü təmin etdi.

Ermənistan rəsmiləri post-müharibə dönəmində sülhlə bağlı yüzlərlə bəyanat verib ki, bu açıqlamaların hər birində sülhün etibarlı və uzunmüddətli olmasının vacibliyi qeyd olunub, İrəvan isə az qala sülh carçısı elan edilib. Lakin post-müharibə dönəmində İrəvanın atdığı əməli-praktiki addımlar Ermənistanın sülhdən daha çox müharibəyə hazırlaşdığını göstərir. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Fransa və Hindistandan çoxlu sayda silah-sursat və hərbi texnika alması, habelə, ABŞ, Yunanıstan və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə cəhd göstərməsi və nəhayət Polşa ilə imzalanan məlum hərbi-texniki əməkdaşlıq sazişi buna nümunədir.

Bütün bu faktlar onu deməyə əsas verir ki, Ermənistanın sözü ilə əməli arasında dərin bir uçurum, böyük bir fərq mövcuddur və bu fərq hər ötən gün sürətlə artmaqdadır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycandakı Hərbi Qənimətlər Parkının Ermənistan hesabına daha da zənginləşməsi ehtimalı var və bu ehtimalın reallaşmasına görə bütün məsuliyyət İrəvanın üzərinə düşəcək.

Seymur ƏLİYEV

 

 

Seçilən
15
moderator.az

1Mənbələr