AZ

Tahir Kərimli: “Kəndlərdə tibb məntəqələri bağlanıb, pensiya yaşı çatmış həkimlər gedirlər...”

“Ağsu rayonunda tibbi sahədə vəziyyət ümumi respublika üzrə vəziyyətin tərkib hissəsidir. Ağsuda həkim çatışmazlığı var, kəndlərdə tibb məntəqələri bağlanıb, pensiya yaşı çatmış həkimlər və digər tibb işçiləri gedirlər, yerlərini doldurmaq çətin olur. Xüsusilə, böyük kəndlərdəki məntəqələrdə həkim yoxdur. Dərman və digər təchizatlar da zəifləyib. Vaxtilə deputat olanda bu məsələləri qaldırmışam, problemin həlli istiqamətində də müəyyən addımlar atmağa çalışmışıq. Əvvəllər Ağsuda direktor Əli Hüseynov idi. Camaatın ona hörməti var idi. O zaman dərman təchizatında, tibb işçilərinin sayında böyük bir çətinlik yox idi. Mən Əli Hüseynovun ümumi işindən razı idim. Mütəxəssis, həm də ağsaqqal kimi əhalinin qayğısına qalırdı. Lakin sonra Bakıdan Ağsunu tanımayan bir xanım göndərdilər. Ciddi narazılıq yarandı...”

 

Bu sözləri Pravda.az-a Ağsu rayonunun sabiq deputatı Tahir Kərimli Milli Məclisin deputatı Səyyad Aranın “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı "səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər" açıqlamasına münasibət bildirərkən deyib.

 

O əlavə edib: “Məsələn, tibb xidməti ağır xəstələri gətirirdi. Onu təcili müalicə etmək mümkün deyildi, mütləq həkimdən icazə alınmalı idi. Bu da müəyyən risklər yaradırdı. Fazil həkim kimi görkəmli cərrahla hələ də mübahisələr davam edir. Narazılıqlar o qədər şişdi ki, nəhayət, yoxlamalar oldu və həmin xanım direktorluqdan azad edildi. İndi onun yerində Pərviz Quliyev direktor əvəzi işləyir. Şəxsən tanıyıram, çox mədəni, ürəkli insandır, ancaq müvəqqətidir, baş həkim də hələ yoxdur. Ağsunun 82 min əhalisi var. Səyyad Aranın çıxışlarını izləyirəm. Əsl deputat və vətəndaş mövqeyi sərgiləyir. Dediklərində tamamilə haqlıdır. Səhiyyənin vəziyyəti, təcili yardım xidməti ilə bağlı dedikləri doğrudur, ona təşəkkür edirəm. Ümumiyyətlə, Səhiyyə Nazirliyindən, TƏBİB-dən isə xahiş edirəm ki, təchizat məsələlərini, həm də müxtəlif ixtisaslar üzrə həkimlərin göndərilməsini təmin etsinlər. Rayon əhalisi üçün tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var”.

 

Aytəkin Qardaşova


Seçilən
0
1
azia.az

2Mənbələr