AZ

Ülkər Səttarova: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi əhəmiyyətə malikdir"

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi əhəmiyyətə malikdir. Bu mötəbər Qurultayın məhz Bakıda təşkil olunması onun Azərbaycan türkologiyasının tarixi uğurları sırasında özünəməxsus yer tutduğunu göstərir.

Bu fikri AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib. Bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının sosial, siyasi və mədəni inkişafında yeni mərhələnin başlandığını nümayiş etdirməklə yanaşı, türkologiya elminin də bu irəliləyişə istiqamət verməli olduğunu ortaya qoyub: “Birinci Türkoloji Qurultayın tarixi missiyası barədə bəhs edənlər adətən deyirlər ki, onun qarşısında ya ərəb əlifbası, ya da latın əlifbası kimi bir-birindən kəskin şəkildə fərqlənən məsələlər dayanır. Görkəmli maarifpərvər ziyalı Mirzə Fətəli Axundzadə XIX əsrin ortalarından etibarən hər iki istiqamətdə araşdırmalar apararaq ərəb əlifbasının ümumiyyətlə yenisi, yəni latın əlifbası ilə əvəzlənməsi ideyasına gəlib çıxmışdı. 1922-ci ildən orta məktəblərdə latın əlifbası ilə tədrisə başlanıldı.

Qurultayda əlifba məsələsi ilə yanaşı, savadsızlığın aradan qaldırılması, elmi səviyyənin yüksəldilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, orfoqrafiya qaydalarının təkmilləşdirilməsi, türk xalqlarının tarixi, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, terminologiya, tədris kimi bir sıra başqa problemlər də müzakirə predmetinə çevrildi, ancaq burada əsas məsələ əlifba idi”.

Direktor qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi miqyası və elmi əhatəsi baxımdan geniş və sistemli xarakter daşıyır. Yubiley çərçivəsində elmi toplantı və konfranslarda mövzu ətrafında geniş müzakirələr aparılır, ali təhsil müəssisələrində Qurultay materiallarının tədris prosesinə inteqrasiyası istiqamətində ardıcıl işlər görülür. Universitetlərdə Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin sistemli şəkildə öyrənilməsi məqsədilə metodik vəsaitlər, tədris proqramları və xüsusi kurslar hazırlanır.

Ülkər Səttarova bildirib edib ki, Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi ölkəmizin o illərdə türkologiyanın aparıcı elmi mərkəzlərindən biri olmasının aydın göstəricisidir: “Eyni zamanda, ölkəmizin yenidən belə bir nüfuzlu elmi mərkəz səviyyəsinə yüksəlməsi üçün zəruri və ardıcıl addımların atılması xüsusi əhəmiyyət kəsb edir. Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumlar da daxil olmaqla il ərzində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş birgə elmi konfrans, simpozium, sessiya, seminar və dəyirmi masaların keçirilməsi, sərgilərin təşkili, eyni zamanda, gənclər üçün təqaüd proqramının hazırlanması, gənc alimlər üçün müsabiqələrin təşkili və bu istiqamətdə bir çox işlərin görülməsi nəzərdə tutulub.

1926-cı ildə müzakirə olunmuş və bu gün də aktuallığını qoruyub saxlayan orfoqrafiya, terminologiya, türk xalqlarının ədəbi dillərinin tarixi, ədəbiyyatı, ümumi tarixi, etnoqrafiyası və incəsənəti kimi bir sıra mühüm məsələlərin bundan sonra da təşkil olunacaq elmi tədbirlər çərçivəsində diqqət mərkəzində saxlanılacağına və öz elmi həllini tapacağına inanıram.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi əhəmiyyətə malikdir”.

XQ

Seçilən
0
3
xalqqazeti.az

4Mənbələr