
Fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü olub.
Yeniavaz.com xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab Baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab Baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona yaxşı, böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o, ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun Sizin ölkənizə, Sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır. Mən Sizi bütün nailiyyətləriniz münasibətilə təbrik etmək istəyirəm.
Sizin rəhbərliyinizlə Efiopiya uğurla inkişaf edir, beynəlxalq birliyin vacib bir üzvüdür və iqtisadiyyatınız da artır. Əlbəttə ki, biz ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə, əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz.
x x x
Sonra Baş nazir Abiy Əhməd Əli çıxış edərək deyib: Cənab Prezident, əziz Qardaşım. Gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram. Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu, məni çox sevindirir. Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik.
İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq.
Leylaya gəldikdə, mən dostlarla ünsiyyət qura bilən və möhkəm bünövrə əsasında münasibətlər yaratmağı bacaran belə təcrübəli qızınızın olduğu üçün Sizi təbrik etmək istəyirəm. Əminəm ki, növbəti səfərdə o, ölkəmizin bəzi bölgələrini görəcək və mən də komandamı, ailəmi Azərbaycanla tanış olmaq və münasibətlərimizi gücləndirmək üçün göndərəcəyəm.
Müzakirə edəcəyimiz çox sahələr var. Sizinlə çox məhsuldar və səmimi müzakirəmiz oldu. Bu məsələlərin bəzilərinin müzakirəsini burada davam etdirə bilərik. Ümumiyyətlə, mən gözəl ölkənizə səfər etməkdən çox şadam. Artıq çox böyük marağım yaranıb. Mən daha çox bilməyi, öyrənməyi və bir çox sahələrdə Sizinlə işləməyi səmimiyyətlə arzulayıram. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
x x x
Söhbət zamanı Azərbaycanla Efiopiya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, Efiopiyada “ASAN xidmət” konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin “DOST” təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı qeyd edilib.
x x x
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalanıb.
***11:01
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 27-də Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.







