AZ

Musa Quliyev: Turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər

Bakı, 27 fevral, AZƏRTAC

Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr gerçəkləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev fevralın 27-də parlamentdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, qeyri-neft sektorunun mühüm bir istiqaməti olan turizmin inkişafı üçün ölkəmizin zəngin təbii, coğrafi, tarixi-mədəni potensialı var.

“Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır, lakin hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər. Çünki turizm təxminən 50-dən çox sahəni birləşdirir. Ona görə də turizm inkişaf etdikcə məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir, dövlət gəlirləri yüksəlir. Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, loqistik və tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir”, - deyə M.Quliyev əlavə edib.

Seçilən
19
6
azertag.az

6Mənbələr