ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Redaktor.az-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq.
Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə “qanlı Ay” effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.
Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.
Yarımkölgəli Ay tutulması martın 3-ü saat 12:44:25-də, qismən Ay tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma, saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay tutulması sona çatacaq.
Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək “Qanlı Ay” tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.