AZ

Azərbaycan beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etdi

İşğaldan azad edilmiş ərazilərimizin müasir tələbələrə uyğun yenidən qurulması, bərpası, soydaşlarımızın öz dogma yurd-yuvalarına  qayıdışı, sakinlərinə qovuşan şəhərlərimizin, kənd və qəsəbələrimizin artan sayı qürurvericidir. Bərpa-quruculuq işlərinin geniş miqyas alması Azərbaycanın iqtisadi qüdrəti ilə yanaşı, xalqımızın necə qurucu xalq olduğunun təqdimatıdır. 30 illik işğal dövrünün dağıntılarını quruculuq mərhələsi əvəzləyib. Bundan böyük xoşbəxtlik ola bilməz. Xalqımız 30 il məhz bu günlərin həsrəti ilə yaşadı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük İkinici Qarabağ müharibəsində, eyni zamanda, bir günlük antiterror tədbirlərində  qazandığı Zəfərlər bu reallıqları şərtləndirdi.  Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın fevralın 25-də Xocalı və Xocavənd rayonlarına səfəri bir daha bu reallıqların təqdimatı oldu. Səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər. Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə fəaliyyət davam edir. Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Kompleksinin inşası da bu fəaliyyətin tərkib hissəsidir. Bu abidə ilk növbədə milli tarixi yaddaşın daha da möhkəmlənməsi, eyni zamanda Azərbaycanın yeni mərhələdə öz gücünə və siyasi iradəsinə əsaslanan inkişaf yolunun simvoludur.

Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu. Dövlət başçımız Ermənistanın, həmçinin işğal və soyqırım cinayətlərinə göz yuman qərəzli dairələrin bu qanlı faciəni ört-basdır etmək cəhdlərini bir daha xatırlatdı. Erməni havadarlarının Azərbaycanı bu faciədə günahlandırmağa çalışması isə riyakarlığın pik həddi idi. Dövlət başçısının nitqi təkcə anım xarakteri daşımadı, həm də beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi, Xocalı həqiqətlərinin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha önə çəkdi. Bu illər ərzində görülən işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünyaya tanıtdı. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olması sübuta yetirildi. Möhtərəm Prezidentimiz vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi dövlətin ardıcıl siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, memorial kompleksinin yaradılması həm şəhidlərin ruhuna ehtiramın ifadəsi, həm də gələcək nəsillərin tarixdən dərs çıxarması baxımından mühüm əhəmiyyət daşıyır. Bildirildi ki, kompleks yalnız bir abidə deyil, həm də milli yaddaş məkanıdır. Memorialın ucaldılması Azərbaycan dövlətinin şəhidlərinin xatirəsinə sədaqətinin real təzahürü kimi qiymətləndirildi.

Bu gün Xocalı şəhərində həyat yenidən bərpa olunur, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. Bu faktın özünü tarixi ədalətin bərpasının ən parlaq sübutu kimi qeyd etmək olar. Bu gün Azərbaycan qalib dövlətdir və artıq Xocalıda Azərbaycan bayrağı dalğalanır. Cənab Prezident İlham Əliyev dünya ictimaiyyətini Xocalı soyqırımına obyektiv və ədalətli qiymət verməyə çağırdı. O vurğuladı ki, müharibə cinayətləri və soyqırımı halları unudulmamalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Çıxış göstərdi ki, Azərbaycan hakimiyyəti üçün Xocalı mövzusu yalnız tarixi faciə deyil, həm də dövlətçilik, suverenlik və milli həmrəylik ideologiyasının mühüm sütunudur. Yaddaşın qorunması, ədalətin təmin olunması və güclü dövlət xəttinin davam etdirilməsi bu nitqin əsas mesajları kimi səsləndi.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Seçilən
14
ikisahil.az

1Mənbələr