Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) AZS ISO/IEC 17021-1:2021 standartının tələblərinə uyğun olaraq, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, akkreditasiya instituta AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmək səlahiyyəti verir.
AQTİ tərəfindən həmin standart üzrə sertifikatlaşdırma prosesi 4 mərhələdən ibarətdir. İlk mərhələdə sahibkar müraciət forması və ərizəni dolduraraq İnstituta təqdim edir. Daha sonra daxil olan müraciət təhlil edilir, sənədlər yoxlanılır və sifarişçiyə qiymət təklifi ilə müqavilə təqdim edilir.
AZS ISO 22000:2022 sertifikatlaşdırmasının növbəti mərhələsində müəssisədə tətbiq olunan qida təhlükəsizliyi idarəetmə sistemi yerində qiymətləndirilir, onun effektivliyi və standartın tələblərinə uyğunluğu yoxlanılır.
Audit və qiymətləndirmə nəticələrinə əsasən, tələblərə cavab verən müəssisələrə Sertifikatlaşdırma Komitəsinin qərarı ilə 3 il müddətinə uyğunluq sertifikatı təqdim edilir. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin edilir.
İnstitut tərəfindən AZS ISO 22000:2022 üzrə sertifikatlaşdırma qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması və dövriyyəsi ilə məşğul olan bütün müəssisələr üçün nəzərdə tutulur. Həmin xidmət qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, istehlakçı etibarının artmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir.
Sertifikatlaşdırma xidmətləri və prosedurları haqqında daha ətraflı məlumatı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi internet səhifəsindən (afsi.gov.az) əldə etmək mümkündür.