Ombudsman 60 yaşdan yuxarı şəxslərin işdən çıxarılmasının qadağan edilməsini təklif edir. Bu təşəbbüs həmin yaş kateqoriyasına aid olan bütün şəxslərə şamil olunacaq, yoxsa müəyyən hallar və istisnalar nəzərə alınmaqla tətbiq ediləcək? Eyni zamanda, hazırda qüvvədə olan qanunvericiliyə əsasən bu məsələ necə tənzimlənir?Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Ombudsman təklif irəli sürsə də, hazırda, məsələn, Dövlət Neft Şirkətində 60 yaşına çatmış şəxslərin kütləvi şəkildə işdən çıxarılması halları müşahidə olunur. Sadəcə təklif verməklə məsələ həllini tapmır, çünki bunun üçün real və işlək mexanizm mövcud deyil. Ekspertin sözlərinə görə, bu cür eksperimentlər indiyədək heç bir ölkədə uğurlu nəticə verməyib: “Məsələn, Rusiyada pensiya ərəfəsində olan şəxslərin işdən çıxarılmasına qadağa tətbiq olundu, lakin bu yanaşma da gözlənilən effekti vermədi. Bu, praktik baxımdan ciddi suallar doğuran məsələdir. Əgər işəgötürən pensiya yaşına yaxınlaşmış şəxsi işdən çıxarmaq istəsə, müxtəlif əsaslar tapa bilər - müəssisənin ləğvi, ştatların ixtisarı və s. Belə olan halda formal qadağa problemi həll etmir. Bu tip təşəbbüslər geniş tədqiqata və əsaslı araşdırmaya söykənməlidir. Əks halda, populist xarakter daşıyır və praktik nəticə vermir. Bir neçə ölkədə bu istiqamətdə cəhdlər edilsə də, uğurlu nəticə əldə olunmayıb”. Sevinc İbrahimzadə / Metbuat.az