
Çin ABŞ-ın hərbi hücum təhdidi altında olan İrandakı xarici təhlükəsizlik risklərinin kəskin artması səbəbindən vətəndaşlarına ölkəni dərhal tərk etmək barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Çinin İrandakı səfirliyi və baş konsulluqları tərəfindən 27 fevral 2026-cı il tarixində yayımlanan bəyanatda bölgədəki hərbi gərginliyin kritik həddə çatdığı vurğulanıb. Xəbərdarlıqda Çin vətəndaşlarına İrana səyahət etməkdən qəti şəkildə çəkinmək tövsiyə olunub, hazırda ölkədə olanlardan isə təhlükəsizlik tədbirlərini maksimuma çatdırmaları istənilib.
Məlumata görə, ABŞ-ın Donald Tramp administrasiyası İranın nüvə proqramına qarşı hərbi variantları nəzərdən keçirərkən, Çin diplomatik nümayəndəlikləri vətəndaşların kommersiya uçuşları və quru yolu ilə təxliyəsi üçün lazımi dəstəyi göstərəcəyini açıqlayıb.
Qeyd edək ki, təkcə Çin deyil, son günlərdə Polşa, Hindistan və digər bir neçə ölkə də vətəndaşlarını İrandan çıxmağa çağırıb. ABŞ ordusunun bölgədəki hərbi mövcudluğunu (xüsusilə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Aralıq dənizinə qayıtması) artırması regionda genişmiqyaslı münaqişə riskini pik həddə çatdırıb.