27 fevral 2026-cı il tarixində böyük qayıdış çərçivəsində Kəlbəcərə sayca 5-ci köç mərhələsi həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.
Manset.az xəbər verir ki, yenidən qurulan Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsinə doğma sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Ailə başçılarına mənzillərin açarları təqdim olunub, həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksək sürətli internet xəttləri ilə təmin olunub.
Kəlbəcər şəhərinə növbəti köç karvanı ilə 27 ailə, ümumilikdə 118 nəfər (58-i kişi, 60-ı qadın olmaqla) köçürülüb. Onların arasında şəhid ailəsi üzvü, müharibə əlili və müharibə veteranları da yer alır. Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 135 ailənin qayıdışı təmin edilib.
Köçürülən əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli şəxslər əsasən dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində çalışırlar.
Qeyd edək ki, Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Dayanıqlı məskunlaşmanın təmin olunması və sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir.





