AZ

Türk dünyasının QHT-ləri Ankarada toplaşacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının bu ilin aprel ayında Ankarada geniş toplantısı keçiriləcək.

QHT.az xəbər verir ki, bunu Modern.az-a eksklüziv açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri Kürşad Zorlu bildirib.

Onun sözlərinə görə, toplantıda TDT məkanına daxil olan ölkələrin aparıcı QHT nümayəndələri iştirak edəcək və əməkdaşlığın institusional əsasda gücləndirilməsi müzakirə olunacaq.

“Türk dövlətlərindən olan QHT-lərdən ibarət nümayəndələr aprel ayında Türkiyədə toplanacaq. Bu platforma vasitəsilə QHT-lərarası əlaqələr daha da dərinləşəcək. Eyni zamanda, təşkilatlar üzv ölkələrin aidiyyəti qurumlarına təklif və təşəbbüslərini daha operativ şəkildə çatdırmaq imkanı əldə edəcəklər”, - deyə Zorlu vurğulayıb.

AK Partiya rəsmisi qeyd edib ki, görüş çərçivəsində ortaq fəaliyyət mexanizmlərinin yaradılması, birgə layihələrin təşviqi və Türk dünyasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması əsas gündəm mövzuları olacaq. Qeyd edək ki, toplantının Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyri-hökumət sektoru arasında koordinasiyanı gücləndirəcəyi və uzunmüddətli əməkdaşlıq platformasının formalaşmasına təkan verəcəyi gözlənilir. Ankarada iştirak edəcək təşkilatların uyğun profilli olması da əsas şərtlərdəndir.

Seçilən
9
2
qht.az

3Mənbələr