AZ

"Hörmətli deputat professorun dediklərini ya ağızdan eşidib, ya da..." - Dilçidən millət vəkilinə İRAD

"Bu günlərdə telekanallardan birində belə bir fikir səsləndirildi ki, guya “mı, mi, mu, mü” sual şəkilçiləri Türkiyədən gəlib. Mən bunu qətiyyən qəbul etmirəm. Necə yəni? Biz “etmirmi?”, “demirmi?”, “gəlirmi?”, “gedirmi?” demirik? Bu şəkilçilər Azərbaycan dili qrammatikasına aid deyilmi? Bunu necə efirdə, efir mədəniyyətini və etik normaları bir kənara qoyaraq, Türkiyədən gələn bir təhlükə kimi təqdim etmək olar?"

Belə bir etirazı Milli Məclisin deputatı Hikmət Babaoğlu edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirdi ki, millət vəkilinin bəhs etdiyi dilçi professor Sevinc Əliyevanın çıxışıdır. 

"Həmin çıxışa baxmışam. O, bizim dildə -mı ədatı olmadığını iddia etmir, “-mı sual ədatından birbaşa istifadə edilmir” deyir. Bu, prinsipial fərqdir. Sevinc xanım televiziya aparıcılarının sual cümlələrini türklər kimi ifadə etməsinə etiraz edir. Biz sualı qüvvətləndirməyə xüsusi ehtiyac olmayanda sual intonasiyası ilə kifayətlənirik. Amma bəzi telekanallarda bir sıra aparıcılar məhz türkiyəliləri yamsılamaq üçün –mı sual ədatını istismar edir, bəzən onu xəbərlik kateqoriyasının şəkilçisindən əvvələ keçirirlər. Bu, qrammatik normanın pozulmasıdır və professor iradında tamamilə haqlıdır".

Müsahibimizin sözlərinə görə, dilçi alimin –mı ədatının dilmizə türk dilindən keçdiyini iddia etdiyini düşünmək belə gülüncdür:

"O, dilimizin tarixini də dərindən araşdırıb, “Kitabi-Dədə Qorqud” dastanları haqqında monoqrafiya və 10-a yaxın məqalənin müəllifiidir. Onun dastandakı

Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, qız?!

Qarılatıb dört yanına baqdınmı, qız?!

Qarğu kibi qara saçın yoldınmı, qız?!

Qara gözdən acı yaş dökdünmi, qız?!

Güz alması kibi al yanağın yırtdınmı, qız?!

və bu kimi hər kəsin bildiyi parçalardan xəbərsiz olduğunu düşünmək gülüncdür. Bunu yalnız qərəzli adamlar iddia edə bilər. Təəssüf ki, bir dəstə adam çıxışın məğzindən xəbəri olmaya-olmaya sosial şəbəkələrdə Sevinc Əliyevaya hücuma keçib. Bəzən düşünürəm ki, bəlkə də, onun əslində nə dediyini bilmək onlara sərf etmir. Təəssüf ki, bu etirazçı dəstəyə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu da qoşulub. Görünür, hörmətli deputat professorun dediklərini ya ağızdan eşidib, ya da çıxışı dinləyəndə fikrin məğzini tuta bilməyib".

Vasif Sadıqlı Hikmət Babaoğluya bir kiçicik iradının olduğunu bildirdi:

"Müdafiəsinə qalxdığınız –mı şəkilçi yox, ədatdır. Bunu orta məktəb şagirdləri də bilir. Sevinc Əliyeva –mı ədatının bizim dilə türk dilindən keçdiyini iddia etmir, aparıcıların sual cümlələrini türklər kimi ifadə etməsinə, həmin ədatın istismarına və bəzən təqlid nəticəsində onun xəbərlik kateqoriyasının şəkilçisindən əvvələ keçirlməsinə etiraz edir və tamamilə haqlıdır. Azərbaycan Respublikasının Prezidenti AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında bütün cəmiyyətin, o cümlədən vəzifəli şəxslərin dövlət dilimizin qorunması üçün səfərbər olmasının zəruriliyini bildirmişdir. Sevinc Əliyeva da bir dilçi alim və vətəndaş kimi dilimizin saflığının qorunması işinə öz töhfəsini vermək istəyib. Professor Sevinc Əliyeva neçə illərdir çap və elektron KİV-də ədəb dil normalarına əməl edilməsinin monitorinqini aparan bir qrupa rəhbərlik edir. Bu monitorinqlər zamanı aşkarlanan ədəbi dil normalarının pozulması faktları kitab kimi də nəşr edilib. O, bir dilçi olaraq ədəbi dilimiz üçün mövcud və potensial risk faktorlarını yaxşı bilir. Türk dilini yamsılamağın ədəbi dilimiz üçün fəsadları barədə neçə illər əvvəl akademik Tofiq Hacıyev də yazmışdır. Məlumdur ki, türk dillərində bir qayda olaraq, vurğu sözün son hecasına düşür. Bu, ahəng qanunu qədər mühüm bir qaydadır. Amma türk dilində bu qaydaya əməl edilmir, vurğu əvvəlki hecalara keçirilir. Artıq vurğunun əvvəlki hecalara keçirilməsi hallarına bizim teleməkanda da rast gəlinir. Tofiq müəllim bunu “flektiv dil məcrasına yuvarlanmaq istiqamətində addım” kimi xarakterizə edirdi. Dilçilərimiz ədəbi dilimiz üçün təhdidləri qeyd edəndə onlara hücum etmək yox, deyilənləri öyrənib faydalanmaq, ana dilimizin özünəməxsusluğunu, şəhdini-şəkərini qorumaq lazımdır. Hesab edirəm ki, dilimizin saflığının qorunması deputatın da maraqlarına uyğundur".

Xədicə BAXIŞLI

Seçilən
13
2
redaktor.az

3Mənbələr