AZ

Əfqanıstan Pakistanla dialoqa hazırdır - Taliban

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Əfqanıstan hökuməti Pakistanla artan gərginlik fonunda münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında çıxış edərək rəsmi Kabilin dialoqa açıq olduğunu bildirib. Onun sözlərinə görə, hökumət dəfələrlə problemin sülh yolu ilə həllini vurğulayıb və hazırda da münaqişənin danışıqlar vasitəsilə aradan qaldırılmasını istəyir.

Eyni zamanda, Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin silahlı qüvvələrinin istənilən təcavüzə qarşı sərt cavab verməyə qadir olduğunu bəyan edib. Pakistan tərəfi sərhəd boyunca baş verən hadisələrdən sonra Əfqanıstan ərazisinə hava zərbələri endirdiyini təsdiqləyib.

Məlumata görə, Əfqanıstan hökuməti bir gün əvvəl sərhəd məntəqələrinə hücum zamanı bir neçə pakistanlı hərbçinin öldürüldüyünü və əsir götürüldüyünü iddia edib. Bu əməliyyatın Pakistanın əvvəlki hava hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilib.

Pakistanın müdafiə naziri Xavaca Asif isə sosial şəbəkə hesabında “açıq müharibə” ifadəsini işlədərək gərginliyin miqyasının genişləndiyini göstərib. İslamabad Kabil və Qəndəhar şəhərlərinə zərbələr endirdiyini açıqlayıb.

Hazırkı mərhələdə tərəflər qarşılıqlı ittihamlar səsləndirsə də, Əfqanıstan rəhbərliyi dialoq mexanizminin işə salınmasını prioritet hesab etdiyini bildirir.

Seçilən
15
turkic.world

1Mənbələr