AZ

Şərqi darmadağın edəcək müharibə – DƏHŞƏTLİ SSENARİ – ŞƏRH

Pakistan və Əfqanıstan arasında illərdir davam edən gərginlik son günlər təhlükəli həddə çatıb. Vaxtilə Britaniya Hindistanının genişləndirilməsi məqsədilə çəkilmiş və bu gün Pakistanla Əfqanıstanı ayıran 2640 kilometrlik “Dürand xətti” onilliklər boyu qarşılıqlı etimadsızlığın və narazılığın mənbəyi olub. İndi isə həmin xətt boyunca alovlanan qarşıdurma açıq müharibə mərhələsinə keçmək təhlükəsi yaradır.

NOCOMMENT.az xəbər verir ki, İslamabadın Kabul və Qəndəhara endirdiyi kütləvi hava zərbələri və buna cavab olaraq “Taliban” qüvvələrinin sərhəd postlarına hücumlarından sonra Pakistanın müdafiə naziri Xavaca Asif “Biz açıq müharibə vəziyyətindəyik” açıqlamasını səsləndirib. Bu bəyanat regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

Hadisələr fevralın 22-də Pakistan Hərbi Hava Qüvvələrinin Xost və Paktika vilayətlərində “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasına qarşı keçirdiyi “nöqtəvi əməliyyat”la başlayıb. Lakin qısa müddətdə proses nəzarətdən çıxıb. Fevralın 26-da Kabul bunu “suverenliyə cavab” adlandıraraq Pakistan sərhəd mövqelərinə hücum edib. “Taliban”ın sözçüsü Zabihullah Mücahidin iddiasına görə, 19 Pakistan postu ələ keçirilib. İslamabad isə “Qazab lil-Haqq” (“Haqqın qəzəbi”) adlı əməliyyatla cavab verərək Kabuldakı briqada qərargahlarına zərbələr endirib.

Müşahidəçilərin fikrincə, baş verənlər Pakistanın illərlə yürütdüyü strategiyanın iflasını göstərir. İslamabad uzun müddət “Taliban”ı regionda “strateji dərinlik” aləti kimi dəstəkləyib. Lakin 2021-ci ildə yenidən hakimiyyətə qayıdan “Taliban” əvvəlki asılı statusu qəbul etməyib və müstəqil siyasət yürütməyə başlayıb. Pakistan iddia edir ki, Əfqanıstan ərazisi Pakistan “Taliban”ı üçün təhlükəsiz sığınacağa çevrilib və son bir ayda yüzlərlə pakistanlı təhlükəsizlik əməkdaşı məhz bu qruplaşmanın hücumları nəticəsində həlak olub. Kabul isə bunu Pakistanın daxili problemi adlandırır.

Bununla yanaşı, “Dürand xətti” ilə bağlı sərhəd mübahisəsi də davam edir. “Taliban” bu xətti rəsmi şəkildə tanımır və onu kolonial irs hesab edir. Pakistanın sərhəd hasarını tamamlamaq cəhdləri dəfələrlə silahlı toqquşmalarla nəticələnib. Digər tərəfdən, ağır iqtisadi böhran yaşayan Pakistanın 1,5 milyondan çox əfqan qaçqını deportasiya etməsi Kabuldakı hakimiyyət tərəfindən düşmən addım kimi qiymətləndirilib.

Münaqişə beynəlxalq müstəvidə də ciddi narahatlıq doğurur. ABŞ administrasiyası üçün bu, gözlənilməz çağırışdır: Vaşinqtonun qeyri-NATO müttəfiqi olan Pakistan Əfqanıstana zərbələr endirir, ABŞ isə illər əvvəl bu ölkəni tərk edib. Hindistan isə rəqibi Pakistanın iki cəbhədə gərginliyə cəlb olunmasını diqqətlə izləyir. Çin üçün isə vəziyyət xüsusilə həssasdır – Çin-Pakistan İqtisadi Dəhlizinə yatırılan milyardlarla dollar risk altındadır.

Analitiklər hesab edirlər ki, açıq müharibə iki islamçı rejim arasında uzunmüddətli destabilizasiya yarada və bundan ən çox “İŞİD-Xorasan” kimi radikal qruplaşmalar faydalana bilər. Belə bir qarşıdurma ticarət marşrutlarının bağlanmasına, Əfqanıstan iqtisadiyyatının tam çökməsinə və yeni humanitar böhrana gətirib çıxara bilər.

Beynəlxalq vasitəçilik cəhdləri də davam edir. Çin və Qətərin diplomatik təşəbbüsləri fonunda atəşkəs üçün danışıqlar ehtimalı gündəmdədir. Lakin Ravalpindidəki generallarla Qəndəharda qərar qəbul edən dini liderlər arasında dərin etimadsızlıq kompromisi çətinləşdirir.

Əgər Pakistan və Əfqanıstan tammiqyaslı müharibə həddini keçərsə, bunun nəticələri milyonlarla qaçqın, terror təhlükəsinin artması və regional sabitliyin tam sarsılması ilə müşayiət oluna bilər. Bu isə təsir dalğasının Avropa və ABŞ sərhədlərinə qədər çatması deməkdir. Regionda alovlanan bu qarşıdurma bütün Şərq üçün ciddi təhlükə kimi qiymətləndirilir.

Əli Səfərli

Seçilən
20
nocomment.az

1Mənbələr