“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş oyunu “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşırdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Qarşıda bizi “Sumqayıt”la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlığına başlayacağıq.
“Sumqayıt”ın bu gün “Kəpəz”ə qarşı keçirdiyi oyuna baxırdım. “Sumqayıt” qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə, “Kəpəz” əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. “Sumqayıt”ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmaq lazım gəlir.
Biz də başa düşürük ki, “Sumqayıt” kubokda daha istəkli olacaq. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə “Sumqayıt”ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tez bir zamanda bərpa olmalıyıq”.
