AZ

Nikola Tesla Universitetinin dekanı: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır

"Əhəmiyyətli resurslarına və tranzit potensialına söykənən Azərbaycan beynəlxalq rəqabətə, regional qeyri-sabitliyə rasional cavab kimi multivektorlu xarici siyasət kursunu inkişaf etdirib".

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Belqradda "Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan" mövzusunda dəyirmi masa zamanı Nikola Tesla Universitetinin Beynəlxalq Siyasət və Təhlükəsizlik fakültəsinin dekanı Violeta Raşkoviç-Taloviç deyib.

"Məqsəd müxtəlif güc mərkəzləri arasında balansı qorumaqla suverenliyi, ərazi bütövlüyünü və iqtisadi rifahı təmin etməkdir" , - o bildirib və əlavə edib ki, Azərbaycan nümunəsində multivektorlu model düşünülmüş "siyasi portfel" yanaşmasıdır.

V.Taloviç Bakının Ankara ilə strateji tərəfdaşlığı inkişaf etdirdiyinə də diqqət çəkib və vurğulayıb ki, Azərbaycan Rusiya və İranla da funksional münasibətləri qoruyur:

"Eyni zamanda, Azərbaycan Avropa İttifaqı və ABŞ ilə, xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regional sabitlik sahəsində intensiv əməkdaşlıq qurur".

Onun sözlərinə görə, enerji diplomatiyası bu strategiyanın əsas alətidir: "Enerji Azərbaycan üçün həm milli güc mənbəyi, həm də beynəlxalq inteqrasiya vasitəsidir. Cənub Qaz Dəhlizi kimi layihələr Xəzər regionunu Avropa ilə birləşdirən uzunmüddətli infrastruktur mexanizmləri yaratmaq qabiliyyətini nümayiş etdirir. Mövcud layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsinə və bazarın sabitləşməsinə töhfə verir.

Bu çərçivədə xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və TAP Azərbaycanın resurslarını geosiyasi və iqtisadi bağlantıya çevirmək bacarığını simvolizə edir. Enerji marşrutları yalnız iqtisadi kanallar deyil, həm də siyasi etibarlılıq və nüfuz alətləridir. Ankara bu gün Azərbaycan qazının Avropaya nəqlində əsas tranzit qovşağı rolunu oynayır, birgə layihələr isə regional bağlantını gücləndirir".

Dekan hesab edib ki, Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu möhkəmləndirən nəqliyyat və logistika dəhlizlərinin inkişafına da xüsusi diqqət yetirir: "Bu, ölkənin Avrasiya məkanında danışıqlar gücünü artırır. İnfrastruktur, ticarət və qarşılıqlı asılılıq regionda uzun illər mövcud olmuş münaqişə risklərini azaltmağa xidmət edir. Müasir şəraitdə Azərbaycanın enerji diplomatiyası "yaşıl" komponent də qazanmaqdadır, qlobal enerji transformasiyası fonunda alternativ və bərpa olunan enerji sahəsində təşəbbüslər bu strategiyanın yeni mərhələsini formalaşdırır".

Seçilən
12
1
far.az

2Mənbələr