ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 27 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Zaqatala şəhərində yerləşən “Zaqatala” hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib. Həmçinin obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından, habelə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib. Elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib. Bundan əlavə, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəzlənməyib. Obyektin ərazisində isə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan tikinti-quraşdırma işləri aparılıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilən mehmanxananın fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.