AZ

Qazaxıstanlı energetik: Xəzər dənizinin birgə və ağıllı istifadəsi xalqlarımızın rifahına töhfə verir MÜSAHİBƏ

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 fevral, Leyla Muradzadə, AZƏRTAC

Xəzər dənizi bu gün yeni enerji dövrü çərçivəsində böyük layihələrin reallaşdırılması məkanına çevrilir. Bu, təsadüfi deyil, çünki Xəzər dənizi tükənməz yaşıl enerji mənbəyidir. Qazaxıstanın Bərpaolunan Enerji Assosiasiyasının sədri, Qazaxıstanın Fəxri Enerji və Ətraf Mühit üzrə mütəxəssisi Arman Kaşkınbekov AZƏRTAC-a eksklüziv müsahibəsində Xəzərin nəhəng dəniz külək potensialının real giqavatlara çevrilməsi, regionun enerji təhlükəsizliyinin əsasını təşkil edə biləcək Qazaxıstan ilə Azərbaycan arasında tərəfdaşlıq, Qazaxıstanın 2030-cu ilə qədər enerji mərkəzinə çevrilmək məqsədi barədə danışıb.

- Məlum olduğu kimi, Xəzər dənizində küləyin texniki potensialı çox böyükdür. Hazırda dənizdə külək enerjisinin inkişafı ilə bağlı Qazaxıstan hansı texnoloji çətinliklərlə qarşılaşır və Azərbaycanla birgə külək elektrik stansiyalarının tikintisi planlaşdırılırmı?

- Bəli, ulu əcdadlarımız bizə tükənə bilən və bərpaolunan resurslarla, o cümlədən yaşıl enerji ilə zəngin ölkələri miras qoyub gediblər. Biz bununla çox fəxr edirik. Bu resurslar Qazaxıstan və Azərbaycanın karbohidrogenlərdən aşağı karbonlu enerji mənbələrinə keçidi, XXI əsrdə milli iqtisadiyyatlarımızı modernləşdirmək üçün çox vacibdir. Biz ruh, tarix və ənənə baxımından yaxın qonşularıq. Nəhəng Xəzər dənizi bizi ayırmır, birləşdirir, onun birgə, rasional və ehtiyatlı istifadəsi isə məqsədəuyğundur və xalqlarımızın rifahına xidmət edir.

İllər öncə Xəzər neftinin Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli layihələri üzərində azərbaycanlı həmkarlarımla işləmək mənə nəsib oldu, həmin vaxt hökumətlərarası saziş də daxil olmaqla, biz artıq bütün əsas razılaşmaları birgə hazırladıq. İki qardaş xalq arasında enerji körpüsü yaratmaq istəyi ilə dahi azərbaycanlı neftçi Natiq Əliyev və onun SOCAR-dakı peşəkar komandası ilə maraqlı söhbətləri heç vaxt unutmayacağam.

Bundan əlavə, bir qədər sonra Azərbaycanda regional ofisi olan Britaniyanın “Rolls-Roys Enerji” şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru vəzifəsində çalışarkən tez-tez Bakıya səfərlər edirdim. O dövrdə ölkənizdən olan həmkarlarımızla bir çox faydalı layihələr həyata keçirdik.

Hazırkı tarixi dövrdə bütün inkişaf etmiş ölkələr kimi külək enerjisindən, Xəzər dənizinin nəhəng külək potensialından istifadə etməyi düşünməyə başladıq. İlkin mütəxəssis qiymətləndirmələrinə görə, potensial QGİƏ (quraşdırılmış gücdən istifadə əmsalı – red.) 50%-ə çata bilər, bu da Xəzər külək enerjisini qlobal liderə çevirir. Bundan əlavə, təxmin edilən texniki potensial 30+ giqavat quraşdırılmış güc olaraq qiymətləndirilir, bu da ölkələrimizin mövcud enerji tutumları ilə müqayisə edilə bilər. Şimali Xəzərin nisbətən dayaz suları da külək potensialının inkişaf etdirilməsini perspektivli edir, bu isə kapital xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Qazaxıstan hazırda geniş ərazisinə görə quruda giqavat gücündə cari və perspektivli bərpaolunan enerji layihələrini həyata keçirir. Bununla belə, əminəm ki, çox yaxın gələcəkdə Xəzər dənizinin nəhəng və sərbəst enerjisindən, o cümlədən neft və qaz yataqlarının davamlı inkişafı üçün istifadə edə biləcəyik. Azərbaycanla strateji dostluğumuzu və əməkdaşlığımızı nəzərə alaraq, birgə enerji layihələri həyata keçirməliyik. Bu zərurət zamanın tələbidir.

- Bu yaxınlarda Xəzər dənizi vasitəsilə Avropaya yaşıl enerji ixracı planları açıqlanıb. Sizin fikrinizcə, Qazaxıstan 2030-cu ilə qədər Mərkəzi Asiya mərkəzinə çevrilə bilərmi?

- Bəli, Qazaxıstan və Azərbaycan Özbəkistanla birlikdə Xəzər dənizindən Avropa İttifaqına təmiz enerjinin ixrac edilməsi üzrə bu perspektivli layihə üzərində fəal şəkildə işləyir. Burada biz Günəş və külək enerjisini, eləcə də yaşıl hidrogeni nəzərdə tuturuq. Bu məqsədlə ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsi və daha sonra Gürcüstan vasitəsilə Qara dənizə çıxışın təmin edilməsi, onu Şərqi Avropanın enerji şəbəkələrinə birləşdirmə imkanlarını müzakirə edirlər. Planlara Qazaxıstandan təxminən 7 giqavat və Özbəkistandan 5 giqavat-a qədər bərpaolunan enerji ixracı daxildir. Məqsəd bu tranzit enerji dəhlizini 2030-cu ilə qədər işə salmaqdır. Məncə, layihə olduqca səmərəli və texniki cəhətdən mümkündür.

Mövcud qlobal gərginlik və regional qeyri-müəyyənlik nəzərə alınmaqla, biz, Qazaxıstan və Azərbaycan, həm ənənəvi, həm də yeni, təmiz enerjimizin inkişaf etdirilməsi və bazarlara çıxarılması ilə bağlı birgə layihələrdə həmişəkindən daha çox əməkdaşlıq etməliyik. Ölkələrimiz qlobal bazarda mühüm oyunçulardır və biz gələcəkdə də belə qalmalıyıq. Dövlət başçılarımızda siyasi iradə, səlahiyyətli orqanlarımızda isə tam anlayış var. Ən əsası isə xalqlarımızın dəstəyidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
azertag.az

2Mənbələr