AZ

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinin tarixi təməlidir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinin tarixi təməlidir. 1926-cı ildə Bakı şəhərində, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Birinci Türkoloji Qurultayda Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş 131 nümayəndə iştirak edib. Birinci Türkoloji Qurultayın əsas vəzifələri sırasında Türk dünyasının inteqrasiyası, elmi və mədəni əməkdaşlığın gücləndirilməsi dayanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, Qurultayın tarixi xidməti mürəkkəb siyasi şəraitə baxmayaraq latın qrafikalı türk əlifbasının qəbul edilməsi və bununla da türk xalqlarının mədəni inteqrasiyasına yol açması olub: “Birinci Türkoloji Qurultay türkologiya elminin əsas istiqamətlərini müəyyənləşdirib. Azərbaycan müstəqillik qazandıqdan sonra latın qrafikasına keçidi rəsmi şəkildə həyata keçirən ilk türk dövlətlərindən biri olub. Bu proses Türk dünyasında mədəni inteqrasiyaya təkan verib. Bu gün Türk dünyasında ortaq mədəni və elmi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbir həyata keçirilir.

Dövlətimizin başçısının Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında 2016-cı il 18 fevral tarixli, eləcə də 100 illik yubileyinin qeyd olunması barədə 2025-ci il 22 oktyabr tarixli sərəncamları Türk dünyasının alim və mütəfəkkirlərinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və ehtiramın bariz nümunəsidir. Bu təşəbbüslər yalnız tarixi irsin anılması deyil, həm də Türk dünyasında elmi-mədəni əməkdaşlığın, birliyin və həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.

AMEA prezidenti qeyd edib ki, konfransda təqdim olunacaq məruzələr və aparılacaq müzakirələr türkologiya elminin inkişafına təkan verəcək, iştirakçılar arasında elmi əlaqələrin gücləndirilməsinə geniş imkanlar yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

3Mənbələr