
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) uzun illər rəhbəri olmuş Saleh Məmmədovun vəzifədən kənarlaşdırılmasından sonra agentlikdə genişmiqyaslı maliyyə yoxlamalarının başladığı və yüz milyonlarla manat büdcə vəsaitinin talan edilməsi ilə bağlı faktların üzə çıxdığı bildirilir.
AFN.az Musavat.com-a istinadən xəbər verir ki, artıq AAYDA-nın bir sıra struktur bölmələrinin vəzifəli şəxsləri barəsində araşdırmalar başlanıb. Araşdırmaların əsas istiqaməti dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi, şişirdilmiş smeta sənədləri, formal podrat müqavilələri və yol tikintisi-təmir layihələri adı altında vəsaitlərin yayındırılması ilə bağlıdır.
Saleh Məmmədovun rəhbərlik etdiyi dövrdə ölkənin müxtəlif bölgələrində yol tikintisi və təmiri üçün milyardlarla manat vəsait ayrılmışdı. İndi həmin layihələrin bir hissəsi üzrə sənədlərin yenidən yoxlanıldığı, real xərclərlə rəsmi aktlar arasında ciddi fərqlərin aşkarlandığı bildirilir.
Yaranmış vəziyyət fonunda Gununsesi.info-ya daxil olan məlumat isə qalmaqalın miqyasını daha da genişləndirib. İddialara görə, Saleh Məmmədov vəzifədən kənarlaşdırıldıqdan sonra regional yol idarələrinin rəhbərlərini bağ evinə toplayaraq vəziyyətdən çıxış yollarını müzakirə edib.
Mənbənin iddiasına görə, keçmiş sədr yoxlamalar zamanı aşkar edilən maliyyə çatışmazlıqlarının büdcəyə qaytarılmasının zəruri olduğunu bildirərək, əks halda həbslərin qaçılmaz olacağını deyib: “Mən özüm vəziyyətdən çıxacağam, amma siz zərəri bağlamasanız, hamınız həbs olunacaqsınız”.
Qeyd edək ki, Prezidentin 6 fevral 2026-cı il tarixli sərəncamı ilə Saleh Məmmədov vəzifəsindən azad edilib və agentliyin rəhbərliyinə Vüsal Nəsirli təyin olunub.