AZ

İnstitut direktorunun cəzalandırılmasının səbəbi bilindi RƏSMİ AÇIQLAMA

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən 1300 manat cərimə olunub. 

Redaktor.az məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.

Xidmətdən sorğuya cavab olaraq bildirildi ki, vətəndaş Hüseynova Elnurə Elçin qızının 20.10.2025-ci il tarixdə iş yerində baş vermiş mübahisə nəticəsində xəsarət alması və əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baxılıb:

"Araşdırma zamanı vətəndaşla Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu arasında əmək münasibətlərinin mövcud olduğu müəyyən edilib, hadisə ilə bağlı tərəflərin izahatları, müəssisə tərəfindən təqdim olunmuş sənədlər və tibbi məlumatlar təhlil olunub. Təqdim edilmiş materiallar, o cümlədən hadisə şahidlərinin və zərərçəkənin izahatları əsasında hadisənin iş yerində baş verdiyi müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq İnstitutun direktoru Məmmədli Nadir Balaoğlan oğlu barəsində iş yerində xəsarətlə nəticələnmiş hadisə barədə vaxtında məlumat vermədiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunub.

Qərar Yasamal Rayon məhkəməsinin birinci instansiya qərarı ilə qüvvədə saxlanılıb".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr