AZ

Şəhidlərin xatirəsinə ehtiramın ifadəsi

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Dövlət başçısı mərasimdə çıxış edərək XX əsrin ən ağır faciələrindən biri olan Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir və onun beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Prezident İlham Əliyev vurğulayıb ki, memorial kompleksin yaradılması şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Xocalı faciəsinin unudulmaması və dünya ictimaiyyətinə düzgün təqdim olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Çıxış zamanı dövlət başçısı Azərbaycanın tarixi ədalətin bərpası istiqamətində qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb. Prezident bildirib ki, uzun illər beynəlxalq müstəvidə aparılan səylərə baxmayaraq, Azərbaycan xalqı sonda ədaləti öz gücü hesabına təmin edib.

“Ədaləti biz özümüz təmin etdik”, — deyə Prezident İlham Əliyev qeyd edib və əldə olunan nəticənin xalqın birliyi, güclü siyasi iradə və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində mümkün olduğunu vurğulayıb.

Dövlət başçısı həmçinin təəssüf hissi ilə bildirib ki, 44 günlük Vətən müharibəsi Ermənistan üçün lazımi nəticələr çıxarmaq baxımından dərs olmayıb. Prezidentin sözlərinə görə, regionda davamlı sülhün təmin olunması üçün mövcud reallıqlar qəbul edilməli, revanşist yanaşmalardan imtina olunmalıdır.

Prezident İlham Əliyev çıxışında azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunaraq bildirib ki, Xocalı şəhərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlətin əsas prioritetlərindən biridir. Qeyd olunub ki, bölgədə həyata keçirilən layihələr sosial infrastrukturun bərpasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr