AZ

İlahiyyatçı: Oruc insanın mənəvi kamilliyinə xidmət edən ibadətdir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Ramazan ayının əsas məramı və məqsədi insanı saflaşdırmaqdır. Həm cismini, həm də ruhunu yeniləmək, sağlamlaşdırmaqdır. Oruc tutmaqla həm tibbi yöndən bədənin bərpa olunması, qida fasiləsi verərək istirahət verilməsi həm də bəzi əməllərdən çəkinərək mənəvi, əxlaqi yöndən saflaşmasını təmin etməkdir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Tural İrfan bildirib ki, oruc sadəcə ac qalmaq deyil: “Ac qalmaq olsaydı, pəhrizdən fərqi az olardı. İslamda təkcə mədənin orucu deyil, eyni zamanda bütün bədənin oruc olması şərtdir. Yəni, insan bu ayda təfəkkürünü, qəlbini, gözünü, dilini, əlini pis əməllərdən və pis düşüncələrdən qorumaqla əsl insan olmasını sübut etməlidir. Aclıq insanın cismini müəyyən mənada zəiflətsə də, ruhunu gücləndirir. Nəticədə əxlaqına, ədəbinə, sosial münasibətlərinə diqqət edir və cəmiyyət üçün yararlılığını, səmərəsini artırmış olur”.

İlahiyyatçı Tural İrfan qeyd edib ki, oruc insanın mənəvi kamilliyinə xidmət edən ibadətdir. İlahiyyatçı hesab edir ki, ilk növbədə Allaha qarşı rabitəsini gücləndirir və beləcə məsuliyyət hiss artır, Allahın yaratmış olduğu digər insanların, cəmiyyətin də qayğısına qalmağa çalışır: “Ramazan ərəfəsində iftar süfrələri insanların ünsiyyətini, sosial münasibətlərini inkişaf etdirir və eyni zamanda ayın sonunda fitrə zəkatı verməklə kasıblara da diqqətini göstərir. Ramazan həm də sosial bərabərlik ayıdır. Bu ayda yardımlaşma mütləqdir”.

İlahiyyatçı bildirib ki, bəzən bu ayı yalnız pəhriz ayı, aclıq ayı kimi xarakterizə edirlər: “Bu, doğru deyil. Ramazan bütün yönlərdə həm özünə həm də başqasına fayda vermək ayıdır. Sosial ədalətin bərpası, varlıların kasıblara maddi - mənəvi dəstəyi bu ayın müstəsna xüsusiyyətlərindəndir”.

Qeyd edək ki, Qədr gecəsi İslam dinində ən müqəddəs gecələrdən biri sayılır və Ramazan ayının son on günündən birində, xüsusilə 27-ci gecədə qeyd olunur. Bu gecə Qurani-Kərimdə “Qədr gecəsi min aydan daha xeyirlidir” deyə təsvir edilir və ibadət edən müsəlmanların dualarının qəbul olunduğuna inanılır. Qədr gecəsi oruc, namaz, Quran oxumaq və zikr ilə keçirmək tövsiyə olunur. Müsəlmanlar bu gecədə günahların bağışlanması və Allahın rəhmətinin qazanılması üçün ibadət edir.

İlahiyyatçı qeyd edib ki, Qədr gecəsi Quranın nazil olduğu, müqəddəratın yazıldığı gecədir.

“Bu ayda dualarla, Allahla əhd bağlamaqla insan öz müqəddəratının yenidən yazılmasını diləşir. Qədr gecəsi qədərin təyin olunduğu simvolik gecədir. Yer kürəsinin müxtəlif yönlərində bi gecə fərqli saatlara təvafüq edir. İlahi dərgah üçün zaman ehtiyacı və meyarı yoxdur, bəşəriyyət üçün vardır. Ona görə "gecə" insanlıq üçün müəyyən zaman kəsiyidir. İnsan Ramazan ayında özünü saflaşdırmaqdır və son həftədə Qədr gecəsində isə bu saflığa möhür vurmaqda, Allaha ibadətlərlə, əhdi ilə söz verməkdə, peyman bağlamaqdadır. Oruc tutmaq təkcə yemək-içmək və şəhvani hisslərdən çəkinmək deyil. Bütün mənfi əməllərdən, mənfur niyyətlərdən də uzaq durmaqdır. Əslində yalan danışmaq, böhtan atmaq, yalan şahidlik, söyüş söymək də orucu pozur. Bu işləri görən adamın ibadət xarakterli orucu pozulur, sadəcə pəhriz tərəfi qalır. Əxlaqına, əməlinə, dilinə sahib olmayan kəsin tutduğu oruc ibadət deyil, pəhrizdir”-deyə Tural İrfan bildirib.

“Ramazanda sonra müsbət mənada dəyişməyən adamın demək ki, orucu qəbul olmayıb. Çünki namaz da daxil olmaqla ibadətin mahiyyəti ondan ibadətdir ki, bu ibadətlər vasitəsi ilə insan saflaşsın, əxlaqı zənginləşsin, ilahi məsuliyyəti dərk edərək, mənfi və mənfur əməlləri, düşüncələri tərk etsin. Əgər bunu edə bilməyibsə, demək Ramazana riayət etməyib”-deyə ilahiyyatçı qeyd edib.

İlahiyyatçı vurğulayıb ki, müasir dövrdə müəyyən işlərdə çalışan, təhsil alan şəxslərin oruc tutması onlara çətinlik yaradarsa ilahi hökm onların üzərindən götürür və bu zümrədən olanlar rüxsətli sayılır: “Bu şəxslər əgər işi, səhhəti ilə bağlı oruc tuta bilmirlərsə orucdan başqa Ramazanda əmr olunan əməllərə daha çox rəvac verməlidirlər. Yardımlaşma, sosial əlaqələri gücləndirmək, səxavət göstərmək, xeyirxahlıq etmək, dua və ibadətləri artırmaq, imkanı daxilində oruc tutanlara kömək etmək kimi işləri artırmalıdırlar. Oruc tutmayanlar işdə, digər məsələlərdə oruc tutanlara yardım etməlidirlər. Bu, Ramazanda hamının savab qazanmasını təmirdən və sosial balansı qoruyan amillərdən biridir”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
bizimyol.info

1Mənbələr