AZ

Parlamentdə böyük dəyişiklik siqnalı: deputatlarla bağlı yenilik olacaq?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda referendum keçiriləcəyi və Konstitusiyaya dəyişikliklərin ediləcəyi ilə bağlı müzakirələr yenidən intensivləşib. İddialara görə, bu fonda Milli Məclisdə təmsil olunan deputatların sayı da artırıla bilər. Bildirilir ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyadan sonra ölkə əhalisi artıb və hazırkı 125 deputatlıq tərkib seçici sayına adekvat deyil. Bəzi dairələrdə 40-50 min seçicinin bir deputata düşməsi isə təmsilçilik və vətəndaş-deputat əlaqələrinin effektivliyini sual altına qoyur.

Azərbaycanda deputat sayı nə qədər olmalıdır?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, burada əsas məsələ sayın artırılması deyil, keyfiyyətin yüksəldilməsi olmalıdır:

“Bu gün parlamentdə təmsil olunan 125 deputatın hamısının eyni effektivliklə fəaliyyət göstərdiyini müşahidə etmirik. Çox az sayda deputat həm mediaya açıqdır, həm də seçiciləri ilə aktiv ünsiyyətdədir. Digər deputatların isə əksəriyyətində bu keyfiyyət görünmür. Nə parlamentdə səsləri eşidilir, nə də seçki dairələrində kifayət qədər tanınırlar, hətta bəzi hallarda seçicilər öz deputatlarının kim olduğunu belə bilmirlər. Ölkənin ictimai-siyasi həyatında da onların ciddi aktivliyi nəzərə çarpmır. Bu baxımdan düşünürəm ki, burada kəmiyyətdən daha çox keyfiyyət məsələsi ön planda olmalıdır. Tutaq ki, deputat sayı artırıldı və 300-400 nəfərə çatdırıldı. Əgər eyni passivlik davam edəcəksə, belə artımın heç bir əhəmiyyəti olmayacaq”.

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, Azərbaycanda qarışıq seçki sistemi tətbiq olunmalıdır:

“Proporsional seçki sistemi də tətbiq edilməli və artırılacaq yerlər əsasən partiya siyahıları üzrə formalaşdırılmalıdır. Parlamentdə ölkənin ictimai-siyasi həyatında rol oynayan, siyasi partiyaların üzvü olan, ictimai və siyasi sferada aktiv çıxış edən şəxslərə üstünlük verilməsi daha məqsədəuyğundur. Siyasətlə əlaqəsi olmayan, bu sahəyə təsadüfi şəkildə gələn şəxslərin parlamentdə təmsil olunması düzgün deyil. Hətta əvvəlki çağırış parlamentinin deputatlarından biri açıq şəkildə bildirmişdi ki, siyasətə qarışmır. Əgər bu tip yanaşma davam edəcəksə, deputat sayının artırılmasına ehtiyac yoxdur, əksinə, azaldılması daha məntiqlidir.

Müxtəlif ölkələrdə bir deputata düşən seçici sayı dəyişir. Məsələn, Türkiyədə bu göstərici kifayət qədər yüksəkdir, digər bəzi ölkələrdə isə daha aşağıdır. Yəni məsələ təkcə rəqəmdə deyil. Əsas odur ki, Azərbaycana daha çox deputat lazımdırmı? Əgər bu, ölkənin ictimai-siyasi həyatının canlanmasına xidmət edəcəksə, artım mümkündür. Lakin bu artım proporsional seçki sistemi əsasında, siyasi partiyalar vasitəsilə həyata keçirilməli və parlamentin siyasi baxımdan daha canlı, fəal platformaya çevrilməsinə şərait yaratmalıdır. Əks halda, indiki parlamentdə bəzi tanınan və aktiv deputatlar istisna olmaqla, digər deputatların böyük hissəsi həmin meyarlara cavab vermir”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
globalinfo.az

1Mənbələr