AZ

Xocalıda ucaldılan memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə möhtəşəm quruculuq prosesinin həyata keçirilməsi dinamik inkişafımızın parlaq göstəricisidir. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri ənənə halını alıb. Bu səfərlər zamanı dövlətimizin rəhbəri görülən işlərlə tanış olur, yeni təməllər atır, açılışlar edir və doğma yurdlarına qayıdan insanlarla görüşür. "25-26 fevral tarixlərində də dövlət başçısı və birinci xanım Qarabağda səfərdə olublar. Fevralın 25-də cənab Prezident Xocavənd şəhərində və eyniadlı kənddə görülən işlərlə tanış olub və sakinlərlə görüşüb. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu Zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı və Böyük qayıdış prosesini reallığa çevirdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa səfəri, həyata keçirilən layihələr və görülən işlərlə tanış olmaları bu qayıdışın əhəmiyyətini bir daha göstərir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, sadəcə bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni və sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu ərazilərdə aparılan quruculuq işlərinin böyük hədəfləri var", - deyə o deyib.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşündə keçilmiş yola bir daha nəzər salaraq ağır işğal illərini xatırladıb, tarixi zəfərimizdən sonra Böyük qayıdış proqramının uğurla icra edilməsindən məmnunluğunu bildirib, həmçinin yeni strateji mərhələdə qarşıda duran vəzifələrə diqqət çəkib. Doğma yurdlarına qayıdan insanlar isə yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Sevinc Fətəliyeva bildirib ki, dövlət başçısının və birinci xanımın Qarabağa Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində səfər etməsi təsadüfi deyil: "Fevralın 26-da - bu qanlı faciənin növbəti ildönümündə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində olmuşdur. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılmışdır. "Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır. İşğaldan azad edilmiş Xocalıda ucaldılan memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq. Hazırda Xocalı öz sakinlərinə qucaq açıb. Bundan sonra Xocalı sülh və əmin-amanlıq yurdu kimi xalqımızın əbədi yaşayış məkanı olacaq".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr