AZ

Ermənistan seçim qarşısındadır

Ermənistan hazırda mürəkkəb və gərgin seçkiqabağı mərhələyə daxil olub. Həm hakim partiya, həm də müxalifət qüvvələri gizli məsləhətləşmələrdən aktiv siyasi fəaliyyətə keçiblər. Mövcud hakimiyyət sülh gündəliyini təbliğ edir. Müxalif düşərgə isə bu xətti təslim olmaq və milli maraqlardan imtina kimi qələmə  verir. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev qəzetimizə açıqlamasında bildirib ki, xüsusilə sülh sazişi konstitusiya dəyişikliyi və mümkün referendum mövzusu siyasi kampaniyanın əsas ideya xəttinə çervilib. Ölkədə bəzi partiyalar qurultaylar keçirir, seçki siyahılarını hazırlayır, elektoratın səfərbər olmasına yönəlmiş addımlar atır, regionlara səfərlər edir, yeni ofislər açılır. "Hətta bu dövrdə yeni bir sıra siyasi partiyalar da təsis edilir, digərlərinin yaradılacağı ilə bağlı açıqlamalar verilir. İri siyasi blokların formalaşdırılması istiqamətində isə intensiv fəaliyyət müşahidə olunur. Hazırkı real daxili ictimai-siyasi vəziyyətə gəlincə isə müxalifət qanadında üç iri siyasi blokun formalaşdığını müşahidə etmək olar. Bunlar Robert Köçəryan, Samvel Karapetyan, Gagik Tsarukyanın ətrafında birləşən siyasi partiyalardır. Bu üç qüvvə hakim partiyaya qarşı ciddi təhlükə yarada biləcək qüvvələr kimi qiymətləndirilirlər. Belə ki, onların seçkinin nəticəsinə görə koalisiyaya gedərək "Gümrü-2" ssenarisini təkrarlayacaqları ehtimalı irəli sürülür", - deyə o bildirib. 

Siyasi şərhçi qeyd edib ki, buna paralel olaraq digər müxalif partiyalar da seçkilərdə koalisiya şəklində iştirak etmək üçün danışıqlar aparırlar. Bu, müxalifət düşərgəsində aktiv siyasi hərəkətliliyin və strukturlaşma prosesinin getdiyini bir daha göstərir. Ümumilikdə hadisələrin təhlili müxalif qanadında hazırkı hakimiyyətin dəyişməsinin zəruriliyində konsensus formalaşdığını və bunun ideoloji yaxınlıqdan çox, Paşinyan hakimiyyətinə qarşı ümumi narazılıq üzərində qurulduğunu deməyə əsas verir. Bu amil müxalifətin əsas mobilizasiya resursuna çevrilib.

Ekspert qeyd eidb ki, digər mühüm məqam isə hakimiyyətlə kilsə arasında qarşıdurmadır: "Kilsə Ermənistan cəmiyyətində çox ciddi təsirə malikdir. Son bir-iki aydır bu mübarizədə baş nazir Nikol Paşinyanın müəyyən qədər geri çəkildiyini müşahidə edirik. Həm diaspor strukturlarından, həm də ölkə daxilində hakimiyyətin Apostol kilsəsinin rəhbərinə qarşı fəaliyyətinin dayandırılması ilə bağlı ciddi təzyiqlər var. Ermənistan mətbuatında kilsə islahatlarını dəstəkləmiş bir neçə yepiskopun artıq peşman olduğuna və II Qaregini yenidən dəstəklədiklərinə dair məlumatlar var. Bu isə onu deməyə əsas verir ki, bu mübarizədə Paşinyan ciddi nəticə əldə edə bilmir". 

F.Abdullayev bildirib ki, Apostol kilsəsinin də seçkilərdə üç iri siyasi bloka dəstək verəcəyi ehtimalı yüksəkdir. Bütün bu faktorlar hazırda Ermənistanda seçkiqabağı mərhələnin qeyri-müəyyənlik fonunda formalaşdığını göstərir. Seçki prosesi təkcə  siyasi rəqabət deyil, dövlətin gələcək ideoloji və geosiyasi xəttinin müəyyənləşməsi mərhələsi kimi çıxış edir. 

Seçkilərin nəticələri barədə mövcud qeyri-müəyyənlik fonunda proqnoz verməyin çətin olduğunu deyən siyasi şərhçi əlavə edib ki, seçkinin nəticəsi Ermənistanın sülh prosesinə real münasibətini müəyyən edəcək və əsas siyasi filtr rolunu oynayacaq. Əgər Ermənistan cəmiyyəti sülhü seçsə, seçkinin nəticəsində mövcud hakimiyyət qalib gəlsə, bu, təbii ki, Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını xeyli artıracaq. "Lakin müxalif revanşist xəttin güclənməsi sülh gündəliyini ciddi şəkildə zəiflədə, hətta onu dayandıra bilər. Çünki hazırkı müxalif blokların nümayəndələrinin açıqlamaları göstərir ki, onların siyasi xətti daha çox revanşist ritorika üzərində qurulub və sülhə skeptik yanaşırlar. Bu ssenaridə konstitusiyaya dəyişiklik və referendum ehtimalı formal prosedura çevrilə bilər və ya bu məsələdən, ümumiyyətlə, imtina edilə bilər. Ümumilikdə hazırkı şəraitdə hadisələrin necə inkişaf edəcəyini demək çətindir. Lakin bu seçkilərin Ermənistan üçün təkcə hakimiyyət bölgüsü deyil, sülh və qarşıdurma arasında strateji seçim mərhələsi olduğunu dəqiq qeyd etmək olar".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr