futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“İmişli”nin U-13 komandasının forması yox imiş. Daha doğrusu, komanda Hacıqabuldan olan həmyaşıdlarına qarşı oyuna fərqli formalarla çıxmışdı.
Bu hadisəni ilk araşdıran “Futbolpress.az” klubun mövqeyini də öyrənmişdi.
Çatışmazlığın aradan qaldırıldığını bildirən klub ictimaiyyətə bir daha belə halın yaşanmayacağı vədini verdi.
Lakin…
Saytımızın daha geniş araşdırmaları nəticəsində məsələ ilə bağlı daha da xoşagəlməz məqamların olduğu aşkarlandı.
Şahidlər, müxtəlif mənbələrdən dəqiqləşdirilmiş informasiyaya görə “İmişli”nin aşağı yaş qruplarında forma problemi davam edir.
Mənbə bildirir: “Cəmi bir forma dəsti alınıb. Bir komanda geyinir, oyuna çıxır, sonra təhvil verir, digər komanda geyinir”.
Təkrar qeyd edirik. Mövzuya dair klubun mövqeyini dərc etmişik. Əlbəttə, yenə dərc etməyə hazırıq, ancaq deyəsən bu məsələ gizlən-qaç oyununa çevriləcək.
Tövsiyə edirik ki, klub aşağı yaş qrupları üzrə komandalarının oyunlarından fotosessiyaları mütəmadi və operativ şəkildə öz internet resurslarında dərc etsin.
Klubun ümumiyyətlə özünütəqdimlə real obrazı arasında fərqlər gözə çarpır. Məsələn, klubun prezidenti Kamran Eyyubovun danışdıqlarında olan “İmişli” ilə realdakı arasında fərqlər var.
Danışıqdakı klub sürətlə inkişaf edir, gələcəklə bağlı samballı planları var. Realdakı isə bəzən çox bəsit problemlərlə gündəmə gəlir…
***
AFFA növbəti analoji nöqsanda müvafiq komandanın yarışdan kənarlaşdırılacağını bildirib. Güman edək ki, cəzadan yayınmaq üçün aldadıcı manevrlər yox, həqiqətən Premyer Liqa standartlarına layiq səviyyədə – uşaq komandaları forma ilə təchiz olunub.
Bundan başqa, öz stadionu olmayan, bu mövzuda utopik və irreal açıqlamalar verən klub rəhbərliyi legioner limiti kimi həssas mövzunu bilərəkdən buyaxınlarda 12-ci əcnəbi ilə 3+ illik müddətə müqavilə bağlayır…
İnfrasturktur və bu kimi fundamental suallara başlanğıcı, “Klubumuz Premyer Liqada qalarsa” kimi cümlələrlə cavab verən rəhbərlik bu məqamda reallığı, rasionallığı itirir. Bəs nə əcəb legioner cəlbi mövzusunda klubun Premyer Liqada qalıb-qalmama təhlükəsi nəzərə alınmır?!
Bu və oxşar hallar klubun imici, səviyyəsi haqda xoş olmayan münasibət formalaşdırır.
“İmişli”nin stadion məsələsindən tutmuş, sadalanan digər irili-xırdalı məsələlərdə problemsiz ötüşə bilməməsi sual yaradır: görəsən, klub rəhbərliyi makulatura mahiyyətli vədlərlə gün ötürür, yoxsa təcrübəsizliyin xaosuna düşüb?
Bu tip klublar unutmamalıdır, dövlətin onların hər birinə ayırdığı 2.5 milyon manat ciddi məsuliyyətdir və zamanı yaxınlaşdıqca bunların haqq-hesabı sorulacaq, ictimaiyyətə detallı izahatlar verilməsi tələb olunacaq.
Bizə, ictimaiyyətə maraqlıdır, məsələn, “İmişli” AFFA-nın bu tip iradlarına nə cür reaksiya verib, hansı məsuliyyətləri etiraf edib? Eləcə də digər klublar – xüsusən həmin 2.5 milyon manata ciddi məbləğ əlavə etməsinə şübhələrin olduğu…
AFFA da, klublar da bunun məsuliyyətini ciddi dərk etməlidir, ən kiçik nöqsan belə dərhal araşdırılmalı, həll edilməlidir. Əks halda bunun məsuliyyətini daşıyan klub və ya qurumlar öz fərsizliyi ilə ölkə futbolunu o dotasiyadan da məhrum edəcək.
Kamil Əhməd
P.S.
Ümumiyyətlə, Premyer Liqada çıxış edən bəzi klublar özünü formalaşdırmaq əvəzinə “pul üyütmə” makinasına çevrilib sanki. Hətta bəziləri təhdid formasında reaksiyalar verir və bu da birbaşa AFFA-nın, PFL-in nöqsanıdır. Səbəbi anlaşılmayan loyallıq nemayiş olunur belə klublara qarşı. Bəlkə də say artımı üçün verilən qərarın yanlış olmadığını göstərməyə çalışmaqdır bu, lakin ciddi boşluq yaranır. Artıq bəzi klublar özünü elə aparır, sanki 2.5 milyon manat olmasa, onlara o məbləğdən aylıq ödəniş edilməsə, əsas komandaddan başqa heç nəyə xərc çəkməyəcəklər.
Niyə?
Çünki baş məşqçidən tutmuş heyətə cəlb olunan hər əcnəbi oyunçu rəhbərlik üçün “gəlir mənbəyidir”.
Hələ vaxta var, maraqla gözləyirik, yəüin hesabatlarında dotasiyaya əlavə olaraq nə qədər büdcə ayrıldığlnı smeta şəklində göstərəcəklər.
P.P.S. Boşluq çox ciddi mövzudur. Həmin boşluq üzündən bu gün bir neçə Premyer Liqa klubunda dələduz-menecerlər yuva salıb. Məsəlın, bir klub prezidenti digər kkuba baş məşqçi “həll edur”, “faiz tutur”, bir PL klubunun idarəçi fiqurlarından biri digərinə – rəqibinə xaricdən oyunçu gətirir, “faiz tutur” və s. Boşluğun yetişdirdiyi həmin gizli “qəhrəmanlar” məhz 2.5 milyon manatlıq dotasiyaya – loru ifadə edilsə, “müftə pula” daraşıb. Ya AFFA və PFL birgə şəkildə öz funksionallığını tam bərqərar edərək mübarizə aparmalıdır/həll edilməlidir, ya da belə “hallar” həll olunmasa, aşkara çıxarılacaa… Başda da adıçəkilən qurumlar təqsirli sayılacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.